Azərbaycanin geostrateji əhəmiyyətini admiral çox gözəl tutub. Çünki Azərbaycan Cənubi Qafqazın elə nöqtəsində yerləşir ki, Avrasiya materikində Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq üstünlüyə malikdir. Bu saat ABŞ Əfqanıstana daşıdığı yüklərin 80 faizindən çoxunu Azərbaycan ərazisindən və bizim nəqliyyat vasitələrimizdən istifadə etməklə daşıyır.
Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun ABŞ-ın “Vaşinqton Post” nəşrində dərc edilən “Azərbaycan - əsas müttəfiq” adlı məqaləsi haqda danışarkən deyib.
Politoloq əlavə edib ki, Azərbaycanın hava nəqliyyatından istifadə etmədən ABŞ-ın Əfqanıstanda fəaliyyəti az qala mümkünsüz olar:
“Təhlükəsizlik baxımından da Azərbaycan ABŞ-ın maraqlarına tam cavab verir. Çünki Əfqanıstanda onun həyata keçirdiyi əməliyyatların hamısı Azərbaycan üzərindən aparılan silah-sursat, digər hərbi ləvazimat sayəsində mümkün olur.
Üstəlik Azərbaycan Qərbin enerji dəhlizidir, mühüm karbohidrogen ehtiyatları Azərbaycan vasitəsilə ABŞ-ın müttəfiqlərinə gedib çatır. Buraya təkcə neft deyil, həm də qaz ehtiyatları daxildir. Bu ilin iyulunda Azərbaycanın qaz ehtiyatları Avropanın üçdə birinin qaz ehtiyacını ödəyəcək.
Azərbaycan həm də mühüm dəhliz funksiyasını yerini yetirir. Azərbaycandan keçən Bakı-Tiflis-Qars, Şimal-Cənub dəmiryolu layihəsi, İpək Yolu Azərbaycanı mühüm yolların qovşağına çevirir. Zənnimcə, dünyada bu cür strateji üstünlüyə malik 3-4 ölkə ola bilər. Bu baxımdan ABŞ tərəfi özünün strateji maraqlarını güdürsə, Avrasiya materikində özünün strateji maraqlarını təmin etmək istəyirsə, istinad nöqtəsi kimi Azərbaycanı götürməlidir. Başqa ölkələr bu cür parametrlərə malik deyil. Azərbaycan dəniz qırağında yerləşir, ərazisindən mühüm yol qovşaqları keçir, geniş karbohidrogen ehtiyatlarına malikdir, sabit ölkədir və balanslı xarici siyasət xətti yürüdür. Amerika, əgər öz ölkəsindəki erməni lobbisinin pozucu təsirlərinə məruz qalmasa və Azərbaycanın ərazi bütövlüyü məsələsini açıq müdafiə etsə, gələcəkdə Azərbaycan ABŞ üçün ideal müttəfiq və tərəfdaş rolunu yerinə yetirə bilər. Amerika Azərbaycan kimi strateji üstünlükləri olan ölkə ilə uzun müddətdir ki, lazımı səviyyədə işləmir. Əgər bundan sonra işləməyə başlasa, itirilmiş mövqelərini əldə edə bilər. Və bundan sonra Qafqazlardakı mövqelərini ölçüyəgəlməz dərəcədə artıraraq Rusiya ilə rəqabət apara bilər”.
Mütəxəssis qeyd edib ki, ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun sözügedən məqaləsi bu baxımdan əhəmiyyətə malikdir:
“Hesab edirəm ki, ABŞ-ın beyin mərkəzləri bu istiqamətdə işləsələr, deyilənlərin həqiqət olduğu qənaətinə gələrlər” .