Afrin hərəkatının tamamilə başa çatdığını düşünmürəm. Bu, həm rayonun, həm də şəhərin adıdır. Türkiyə ordusu Afrin rayonunun mərkəzi də daxil olmaqla əksər hissəsinə nəzarəti təmin edib. Amma bölgəyə tam nəzarət hələ mümkün olmayıb.
Xüsusilə, Minnak hava bazası və Tel-Rifat qəsəbəsini nəzərdə tuturam. Bunlar çox mühümdür. İdlibdə türk ordusunun müşahidə məntəqələri var, ancaq məntəqələrin ətrafındakı ərazilər nəzarətdə deyil.
Bu fikirləri Teleqraf.com-a Türkiyə Silahlı Qüvvələrinin Afrin hərəkatını şərh edən analitik Sülhəddin Əkbər deyib.
O, qeyd edib ki, Minnak hava limanı, Tel-Rifat və İdlibdəki müşahidə məntəqələrinin ətraf əraziləri də nəzarətə götürülməlidir:
“Əksə halda, həmin coğrafiya təhdid və qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Eyni zamanda, İdlib-Afrin və İdlib-Əlbab-Menbic təhlükəsizlik əlaqəsinin qurulması da mühümdür. Mən yaxın günlərdə Türkiyə ordusunun bu əraziləri də nəzarət altına alacağını gözləyirəm.
Fikrimcə, Afrin hərəkatı başa çatdıqdan sonra da əməliyyatlar davam edəcək. Çünki Menbic, Fərat çayının şərq hissəsində olan bölgənin təhlükəsizliyinin təmini, Sincərin təmizlənməsi kimi önəmli gündəm məsələlər var. Üstəlik, Şimali İraqın, xüsusilə Qəndilin terrorçulardan təmizlənməsi də gündəmdədir.
Bu mənada hesab edirəm ki, proses uzun müddətlidir. Sonrakı mərhələdə Türkiyə müəyyən məsələlərdə ABŞ, Rusiya və İraq mərkəzi hökuməti ilə birgə hərəkət etməli olacaq”.
Sülhəddin Əkbər düşünür ki, bundan sonra maraqlı qüvvələr prosesdən dərs götürəcək:
“O cümlədən ABŞ, Rusiya və İran, eləcə də terror təşkilatının özü də bundan nəticə çıxaracaq. ABŞ-ın Menbic məsələsində sərt müqavimət göstərəcəyini düşünmürəm. Böyük ehtimalla Menbic məsələsi siyasi-diplomatik yolla həll ediləcək.
ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonun Ankara səfəri zamanı bu problemin həlli formulu razılaşdırılmışdı.
Həmin formula görə, terror təşkilatı Menbici tərk etməli, ora nəzarəti ABŞ və Türkiyə birgə həyata keçirməli idi. Yəni ABŞ Menbici Türkiyənin tam nəzarətinə buraxmaq istəmir. ABŞ məhz bu məsələdə dirəniş göstərə bilər.
Nəticə isə daha çox Türkiyənin sərt mövqe göstərib-göstərməyəcəyindən asılı olacaq. ABŞ-ın Menbicə görə Türkiyə ilə silahlı qarşıdurmaya gedəcəyini düşünmürəm. O cümlədən Ankara da bu riskə getməz. Odur ki, böyük ehtimalla məsələ diplomatik-siyasi yolla həll ediləcək”.
Analitik hesab edir ki, Türkiyənin apardığı əməliyyatla paralel olaraq Ankaraya siyasi-diplomatik təzyiqlər də artır:
“Bu anlaşılandır. Türkiyə meydanda güclənir. Döyüş meydanında qələbə qazanan Türkiyənin siyasi-diplomatik danışıqlarda da imkanları genişlənir. Uğurlu Afrin əməliyyatından sonra Ankaranın əli masada da güclənəcək. Bu, həm Astana-Soçi, həm də Cenevrə prosesinə aiddir”.