27 Mart 2018 16:56
21 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyəti səfiri, tanınmış filoloq alim Vilayət Quliyev cavablandırır:

- Vilayət bəy, bu il Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100 illiyidir. Siz elmi fəaliyyətə Azərbaycan SSR dönəmində başlamısınız. Mənə maraqlıdır, Siz Azərbaycan Cümhuriyyəti, onun liderləri haqqında sovet dönəmində hansı bilgilərə vaqifdiniz, o zamanlar əldə etdiyiniz, amma yayınlaya bilmədiyiniz hansı qaynaqlara sahib olmusunuz?

- Bəri başdan deyim ki, mən dissident olduğumu iddia edə bilmərəm. Oktyabryatlıqdan başlamış partiya üzvlüyünə qədər ənənəvi sovet məktəbi keçmişəm. Doğrudur, tələbəlik, xüsusən də, aspirantlıq dövründə yaşıdlarımın çoxu kimi çayxana söhbətləri səviyyəsində rejimə müxalifətçilik etdiyimi, müəyyən "fəaliyyət göstərdiyimi" deyə bilərəm. Kifayət qədər mütaliəli olsam da, aldığım məlumatlar hamısı necə deyərlər, "açıq mənbələrdən" idi. M.Ə.Rəsulzadənin adını Səməd Vurğunun şeirindən, siyasətlə bir sırada müəyyən ədəbi fəaliyyətlə məşğul olmuş Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi şəxsiyyətlərin adını alimlərimizin ayrı-ayrı əsərlərinə yazılan əsasən ifşaçı ruhlu şərhlərdən öyrənmişdim. 80-ci illərin (keçən əsr) ortalarına qədər öz bayrağı, gerbi, himni, parlamenti, ordusu, dövlət idarəçiliyi, daxili və xarici siyasəti olan Azərbaycan Cümhuriyyəti haqqında nə oxumuş, nə də eitmişdim. Yəqin xəbəriniz var, XX yüzilliyin görkəmli söz ustalarından biri, ingilis yazıçısı Corc Oruellin “1984” romanı mənim tərcüməmdə Bakıda bir neçə dəfə nəşr olunub və böyük populyarlıq qazanıb. Bu romanın qəhrəmanı Uinston Smit tarixi yenidən yazmaqla məşğul olur. Yəni gələcək nəsillərin heç nədən duyuq düşməməsi üçün keçmişin bütün fakt və hadisələrini hakim partiyanın istəyinə, iradəsinə uyğun şəkidə yenidən quraşdırılır. Təxminən oxşar proses Sovet İttifaqında da həyata keçirilmişdi. Burada da tarix saxtalaşdırılmış, hər şey sovet ideologiyasına uyğun vəziyyətə gətirilmişdi. Həm də məsələ təkcə hansısa qaynaqların, kitab və nəşrlərin yeddi qıfıl arxasında saxlanmasında deyildi. Sanki insanların da dilinə qıfıl vurulmuşdu. Doğrusu, mən sonralar çox təəccüblənirdim. Ola bilməzdi ki, Ədəbiyyat İnstitutunda ustadlarımız kimi yanaşdığımız akademik Kamal Talıbzadə, Əziz Mirəhmədov, yaxud babası həyatını milli müstəqillik idealının gerçəkləşməsi yolunda fəda etmiş xalq yazıçısı Anar Cümhuriyyət haqqında heç nə bilməsinlər. Mümkün olan iş deyildi. Aydın məsələdir ki, bu barədə nə isə yaza bilməzdilər. Hətta yazsaydılar da, harada çap etdirəcəkdilər? Amma inandıqları adamlarla söhbətlərdə mətləbə sırf tarix açısından toxunmağa nə deyirsiniz? Görünür, rejimin qadağası qarşısında xof o qədər güclü idi ki, heç kəs başını dərdə salmaq istəməmişdi. Başqa sözlə desək, bütöv bir tarix üzərinə yalnız mətbuatda, yazılı qaynaqlarda deyil, yaddaşlarda da tabu qoyulmuşdu və hamı onun tələblərinə dinməz-söyləməz əməl edirdi. Cümhuriyyət haqqında ilk dəfə 1986-cı ildə eşitmiş, daha doğrusu, oxumuşdum. Məsələ belə olmuşdu. Həmin vaxt tanınmış Amerika azərbaycanşünası Tadeuş Svientixovski Bakıya gəlmişdi. Özü ilə bir il əvvəl Kembric universiteti nəşriyyatında çap edilmiş “Russian Azerbaijan. 1905-1920. The Shaping of a National İdentity in a Muslim Society” (Rusiya Azərbaycanı. Müsəlman cəmiyyətində milli eyniyyətin formalaşması” kitabını gətirmişdi. Təsadüfən bu kitabın bir nüsxəsi mənim də əlimə düşdü. Oxudum və heyrətləndim! Cümhuriyyət, onun 23 aylıq şərəfli mövcudluq tarixi, hökumətin və parlamentin fəaliyyəti, Azərbaycanın Paris sülh konfransında iştirakı – bunlar hamısı mənim üçün tam yeni faktlar idi. Kitabı dilimizə çevirməyi qərara aldım. Artıq cəmiyyətdə bir yeniləşmə havası əsirdi və o vaxtın ibarəli ifadəsi ilə desəm, “ağ ləkələrin” işıqlandırılması təşviq olunurdu. Müəlliflə danışıb razılığını aldım. Hətta gələcək Azərbaycan nəşri üçün kiçik bir ön söz də yazıb göndərdi. Sonra araya müxtəlif işlər düşdüyündən bu tərcüməni başa çatdıra bilmədim. Amma Azərbaycan Cümhuriyyəti haqqındakı iki fəslin tərcüməsini Yusif Səmədoğlu 1988-ci ildə, xalq hərəkatının başlandığı ərəfədə “Azərbaycan“ jurnalında dərc etdi. Səhv etmirəmsə, Mövsüm Əliyevin kiçik həcmli məqalələri istisna olunarsa bu, Azərbaycan mətbuatında tariximizin zorla unutdurulmuş səhifəsi haqda ilk ciddi araşdırma idi. Elə çıxmasın ki, özümü tərifləyirəm. 1990-cı ildə o zaman elmi işlər üzrə direktor müavini olduğum Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan Demokratik Respublikası. Tarix. Siyasət. Mədəniyyət “ adlı elmi konfransın hazırlıq işləri və keçirilməsi mənim öhdəmə düşmüşdü. Növbəti ildə konfransın materiallar əsasında tərtibçisi və elmi redaktoru olduğum məqalələr məcmuəsi nəşr olunmuşdu. Bu Cümhuriyyət irsi haqqında ilk kitablardan biri idi. Professor Asif Rüstəmlinin Cümhuriyyətin xarici işlər nazirinin müavini Adil xan Ziyadxanın ərəb əlifbasından transliterasiya edib çapa hazırladığı “Azərbaycan” adlı kitabın ön söz müəllifi və redaktoru olduğum da yadımdadır. Sonra Cümhuriyyət irsinə maraq göstərənlərin sayı xeyli artdı. Ciddi tədqiqatlar meydana çıxdı. Çox xoşbəxtəm ki, bu prosesdə birincilər sırasında iştirak edənlərdən biri də mən olmuşdum. Əldə etdiyim, amma yayınlaya bilmədiyim qaynaqlarla bağlı sualınız yadıma bir hadisə saldı: 1970-ci illərdə Böyük Britaniya kommunistlərinin "Morninq star" qəzeti Bakının qəzet köşklərində sərbəst satışda vardı. Britaniya ingiliscəsinə vaqif olmaq üçün çox güman, sovetlərin puluna çıxan bu qəzeti izləməyə çalışırdım. Bir dəfə orada gözümə "Bakıya yol" adlı kiçik bir material sataşdı. Redaksiyaya məktub kimi qələmə alınan yazının müəllifi indi adını unutduğum tarixçi alim idi. O, bədnam 26 Bakı komissarlarının guya ingilislər tərəfindən qətlə yetirilməsi haqda versiyaya, habelə A.İ.Mikoyanın Hindistanda olarkən bu versiyanı yenidən gündəmə gətirməsinə etirazını bildirirdi. Göstərirdi ki, 26-ların tanınmış simalarını Dehliyə aparıblar, qalanlarını isə Zakaspi diktaturasının əsgərləri güllələyiblər və bu barədə bütün sənədlər indi də Dehli arxivlərində saxlanmaqdadır. Mən dərhal yazının tərcüməsini hazırlayıb o zaman Tarix muzeyinin direktoru olan akademik Püstəxanım Əzizbəyovanın yanına getdim. Düşünürdüm ki, babasının da taleyi ilə bağlı olan sənəd onu maraqlandıracaq. Ancaq xanım akademik yazını oxuyub çox soyuq tərzdə mənə öz işimlə məşğul olmağı, sensasiya dalınca qaçmamağı məsləhət gördü. Hətta deyəsən, elmi rəhbərim akademik Məmməd Cəfərə nə isə demişdi. Çünki Cəfər müəllim özünəməxsus yumşaq tərzdə mənə lazımsız, üstəlik də təhlükəli işlərlə məşğul olmamağı məsləhət gördü. Yəni demək istəyirəm ki, rəsmi ideologiya ilə uyuşmayan münasibətə nəinki imkan yaradılırdı, meydan açılırdı, əksinə onun qarşısı elə ilk cəhddən alınırdı. Digər tərəfdən bütün kütləvi informasiya vasitələrinin total senzura altında olduğu, fərqli düşüncə və yanaşma tərzinin rüşeym halında boğulduğu, hətta şifahi söhbətlər şəklində meydana çıxan müxalif baxışların həbslə nəticələndiyi bir şəraitdə hansısa bir faktı, yaxud sənədi necə yaymaq, ictimailəşdirmək olardı.

- Bir mövzu da məni çox maraqlandırır. 1970-ci illərdən etibarən ölkədə yumşalma prosesi gedib. Bəzi mühacirlərin övladları Azərbaycana gəlib, bəzilərinin övladları Bakıdan İstanbula gedə bilib. Məsələn, Məhəmmədəli Rəsulzadənin oğlu 50 ildən sonra atasını ziyarət edib. Bu ziyarətlər necə baş tuturdu? Hər iki tərəfdən bu işlər necə təşkil olunurdu? Azərbaycan sənətçilərinin (Niyazi, Rəşid Behbudov, Zeynəb Xanlarova) bu missiyaya qoşulması nə ilə bağlı idi?

- Bu ilk növbədə 1956-cı ildən sonra keçmiş SSRİ-nin daxili və xarici siyasətində baş verən dəyişikliklərdən irəli gəlirdi. Həmin tarixi dönüş nöqtəsindən etibarən onilliklər boyu "dəmir pərdə" arxasında qalan "şər imperiyası" dünyaya az da olsa, açılmağa başladı. Əlbəttə, Rusiya, Baltıkyanı Respublikalar, qonşu Gürcüstan, habelə Ermənistanda bu proses keçmiş SSRİ-nin müsəlman respublikaları" ilə müqayisədə daha sürətli gedirdi. Bəlkə də daim təzyiq altında saxlandığından bizim insanların canından qorxu və xof hissi daha gec çıxmağa başlamışdı. Həm də bu qarşılıqlı xarakter daşıyırdı. Biz xaricdəki azərbaycanlılardan ürküb çəkindiyimiz kimi onlar da yəqin ata-babalarının müsibətini göz önünə gətirib bizdən uzaq dolanmağa çalışırdılar. Mühacirləri Azərbaycanda hamıdan yaxşı tanıyan Ramiz Abutalıbov mənə danışırdı ki, 1977-ci ildə Ə.Topçubaşovun böyük oğlu Ələkbər bəyin dəfni zamanı mərhumun həyatda olan qardaşı Ənvər və bacısı Sevərlə əlaqə yaratmağa çalışsa da, onlar tanışlığın davam etdirilməsinə heç bir maraq göstərməyiblər, ünsiyyətdən qaçıblar. Başqa sözlə desək, rejim həm öz vətəndaşlarında, həm də mühacirlərdə qarşılıqlı inamsızlıq, xof və şübhə yaratmağa müvəffəq olmuşdu. Bu mənada ağsaqqal dostum adlandıra biləcəyim Ramiz müəllimin xaricdəki soydaşlarla çətinliklə də olsa, dialoqa girməsi, onların inam və etimadını qazanması və bu inamdan istifadə edib müştərək mənəvi sərvətimizin bəzi nümunələrini labüd məhvdən qoruması həqiqi vətəndaşlıq hünəri idi. Xaricdəki qohum-əqrəba ilə görüş məsələsinə gəldikdə isə istənilən halda bu cür ünsiyyət sovet xüsusi xidmət orqanlarının icazəsi və çətiri altında görülürdü. İndi bizə adi, əhəmiyyətsiz bir iş kimi gələ bilər. Lakin sosialist sisteminin əbədi və sarsılmaz göründüyü 1970-ci illərdə bu sistemin düşməni, ömrü boyu onu gözdən salmağa, devirməyə çalışan bir “ideya əleyhdarı” ilə (soydaşın, hətta qohumun olsa belə!) əlaqə saxlamaq qorxulu sayılırdı. Hər adam buna risk edə bilməzdi. Əlbəttə, nüfuzlu sənət adamlarının, mədəniyyət və elm xadimlərinin tilsimi qırmaları diqqətəlayiq hadisə idi. Və bu iş onlardan böyük vətəndaş hünəri tələb edirdi.

- Azərbaycan mühacirətinin öyrənilməsində professor Abbas Zamanovun xidmətləri unudulmazdır. Onun mühacirlərlə əlaqəsi ilə bağlı indiyə qədər bizə bəlli olmayan hansı məlumatlar var?

- 2011-ci ildə, görkəmli alimin anadan olmasının 100 illiyi ərəfəsində "Abbas Zamanovun kitabxanası" adlı böyük bir yazı yazmışdım. Orada Abbas müəllimin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsindəki xidmətlərinə, eləcə də mühacirətlə bağlı çalışmalarına qiymət verməyə çalışmışdım. O öz yorulmaz fəaliyyəti ilə sübut etmişdi ki, tək əldən də səs çıxar, bir nəfər də təkbaşına savaş verə bilər.

Bir tarixçə danışım. Abbas müəllim 1970-ci illərdə Fransada olarkən Azərbaycan Cümhuriyyətinin Ə.Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına göndərdiyi nümayəndə heyətinin həyatda qalan sonuncu üzvü Məhəmməd Məhərrəmovla görüşmüşdü. Yenə Abbas müəllimin özünün dediyinə görə, bibliofil kimi tanınan M.Məhərrəmov həmvətəni vasitəsi ilə Moskvadakı Lenin adına kitabxanaya nadir nəşrlər –A.İ.Gertsenlə N.P.Oqaryovun Londonda nəşr etdikləri “Kolokol” qəzetinin komplektini və Gertsenin İsveçrədə çap olunmuş külliyyatını bağışlamış və buna görə də Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin medalına layiq görülmüşdü. Görünür, Cümhuriyyət elçisi Abbas müəllimə də bir sıra nəşrlər vermişdi. 1990-cı ildə Bakı universitetində doktorluq dissertasiyamın müdafiəsi zamanı o, mənə qiymətli bir hədiyyə - üzərində M.Məhərrəmovun avtoqrafı olan bir broşür hədiyyə etdi. Bu, M.Məhərrəmovun da üzvləri sırasında yer aldığı nümayəndə heyətinin 1919-cu ildə Parisdə nəşr edib yaydığı “Qafqaz Azərbaycanı Respublikasının Paris sülh konfransından tələbləri” kitabçasının ingiliscə nəşri idi. Elə həmin il kitabçanı dilimizə çevirdim, Akademiyadakı “inqilabçı gənclik” onu linotip üsulu ilə çoxaltdı və yüzlərlə nüsxəsi Azadlıq meydanındakı mitinqlərdə iştirakçılara paylandı. Sonra onun ingilis, fransız və Azərbaycan dilində olan mətnlərini nəfis şəkildə çap etdirdim. Kitab həm Bakıdakı diplomatik korpus, həm də xaricdəki Azərbaycan səfirlikləri arasında yayıldı. Və bütün bunlar təbii ki, ilk növbədə həm də Abbas Zamanovun xidmətinin nəticəsi idi.

- 1980-ci illərin sonundan “Vətən” cəmiyyəti, “Odlar Yurdu” qəzeti fəaliyyət göstərirdi. İlk dəfə bu cəmiyyət və bu qəzet vasitəsilə mühacirət tariximizlə bağlı bilgilər əldə etmişik. Sizin də bu qəzetdə məqalələriniz yayımlanıb. 30 ildən sonra həmin cəmiyyətin, həmin qəzetin funksiyasını necə dəyərləndirirsiniz?

- Mən 1987-ci ilin oktyabrında xalq yazıçısı Elçinin rəhbərliyi altında fəaliyyətə başlayan və tezliklə insanlarımız arasında böyük nüfuz qazanan "Vətən" cəmiyyətinin işində fəal iştirak edirdim. İdarə heyətinin üzvü idim, "Odlar yurdu" qəzetində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğinə, tanıdılmasına xidmət edən xüsusi guşə aparırdım. O zaman hamı üçün tamamilə yeni, hətta deyərdim ki, gözlənilməz olan Cümhuriyyət xadimləri və Cümhuriyyət tarixi ilə bağlı yazıların müəllifi isə fədakar tədqiqatçı Mövsüm Əliyev idi. Cəmiyyət dünyanın onlarla ölkəsinə səpələnmiş soydaşlarımızda vahid vətən duyğusunun formalaşmasında böyük rol oynadı. Onun dəvəti ilə bir sıra tanınmış azərbaycanlılar və Azərbaycan dostları ilk dəfə Bakıya gəldilər. Azərbaycan haqqında həqiqətləri (xüsusi ilə də 1990-cı ilin qanlı yanvar günlərində) dünyaya yaydılar. Yadımdadır, həmvətənlərimizdən kimsə cəmiyyətin kitabxanasına rəsmi hökumət qəzetinin – rus dilində çıxan “Azerbaydjan”ın çox yaxşı mühafizə olunmuş 1919-cu il komplektini hədiyyə etmişdi. Rəhbərliyin icazəsi ilə onu cəmiyyətin kitabxanasından götürüb evdə vərəqləyirdim və necə zəngin irsdən məhrum edilməyimizlə bağlı ürəyimi dolduran həyəcanlı hislərdən özümü saxlaya bilmirdim. “Vətən” cəmiyyəti yarandığı dövrdə xaricdə yaşayan soydaşlarımızla əlaqələr baxımından qapalı sovet gerçəkliyində həqiqi bir nəfəslik idi...

- Bu yaxınlarda “525-ci qəzetdə” polkovnik İsrafil bəyin xatirələrini yayımladınız. Bu xatirələr ilk dəfə idi ki, dərc olunurdu. Bu kimi daha hansı materiallar çapını planlaşdırırsınız? Eləcə də, yüz illiyə hansı töhfəniz olacaq?

- Bu materialı əslində ilk dəfə 2010-cu ildə, Varşavada rus dilində çıxan "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən" adlı kitabımda vermişdim. Cümhuriyyətin 100 illiyi ərəfəsində daha geniş ölçüdə ictimailəşdirmək məqsədi ilə Azərbaycan dilinə çevirib yenidən çap etdirdim. Məncə, sıravi oxucular və mütəxəssislər arasında müəyyən maraq doğurdu. Hərbi tarixçi, tarix elmləri doktoru Mehman Süleymanov bu xatirələrə əhatəli sözardı yazıb polkovnik İsrafil bəyin lakonik məlumatlarını daha da tamamladı, diqqətdən yayınan bir sıra məqamlara, habelə mübahisəli məsələlərə aydınlıq gətirdi. Əgər sizi konkret Cümhuriyyət dövrünün hərb tarixi maraqlandırırsa, yaxın zamanlarda orijinalı rus dilində qələmə alınan və 1930-cu illərdə Polşadakı mühair mətbuatı səhifələrində yayımlanan daha bir neçə materialı oxuculara təqdim etmək niyyətindəyəm. Bunlar ilk növbədə 1920-ci il Gəncə üsyanının rəhbərlərindən biri olan polkovnik Cahangir bəy Kazımbəyin "Gəncədə üsyan", A.K. inisialı ilə yazan müəllifin "1920-ci ilin mayı Azərbaycanda", Əfşaranlı təxəllüsündən istifadə edən hərbçimizin "Azərbaycan milli ordusunun döyüş qabiliyyəti" adlı məqalələrdir. 100 illiyə töhfələrə gəldikdə isə bilirsiniz ki, artıq bir ildən çoxdur ki, mütəmadi şəkildə “525-ci qəzet”də Cümhuriyyət dövrünə dair məqalələr, müvafiq şərhlərlə birlikdə sənəd və materiallar çap etdirirəm. Ə.Topçubaşovun təxminən 700 səhifə həcmində “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq!” adlı kitabı mənim tərtib və tərcüməmdə, geniş müqəddimə, izah və şərhlərlə Tərcümə Mərkəzi tərəfindən çap olunur. “Qanun” nəşriyyatı Cümhuriyyət nümayəndə heyətinin Paris sülh konfransında iştirakı ilə bağlı sənəd və materiallar toplusundan ibarət “Doğma Azərbaycanın mənafeyini qoruyacağıq!” adlı kitabımı nəşr edir. Bu il ərzində Cümhuriyyətlə bu və ya digər dərəcə əlaqədar müəllifi olduğum daha üç nəşrin işıq üzü görəcəyini düşünürəm və bu istiqamətdə çalışmalarımı davam etdirirəm. Sankt Peterburq Dövlət Universitetində aspirantura təhsili alan vətənpərvər gənc alim Şahnaz Kamalın təşəbbüsü ilə geniş coğrafiyaya malik müəlliflər kollektivinin iştirakı ilə milli dövlətimizin 100 illiyinə həsr olunmuş sanballı məqalələr məcmuəsi hazırlanır. Buradakı yazılar Cümhuriyyət dövrünün tarix, siyasət, ideologiya, hərbi quruculuq, dil, ədəbiyyat, mədəniyyət, milli münasibətlər və s. aspektləri əhatə edir. Həmin məcmuənin müəlliflərindən və redaktorlarından biriyəm. Təsisçiləri arasında Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi Cümhuriyyət xadimlərinin olduğu “Türk yurdu” jurnalı üçün də iri həcmli məqalə hazırlamışam. Başqa bir elmi araşdırmam isə Azərbaycan MEA Xəbərlərinin Cümhuriyyətin 100 illiyinə həsr edilən xüsusi sayında çıxıb. Həm də bütün bunlar sadəcə az-çox planlı şəkildə görülmüş işlərdir. Cümhuriyyət havası ilə nəfəs aldığımız indiki dövrdə öz növbəsini gözləməyən yazılar, araşdırmalar, təqdimatlar da az olmur... Bilirsiniz, indiyə qədər diqqətdən kənarda qalan materiallar həddən artıq çoxdur. Bəlkə də yaxın zamanlarda onları müxtəlif mənbələrdən toplayıb bir silsiləvi nəşr - “Cümhuriyyət kitabxanası“ yaratmaq olardı.

- Mühacirət mətbuatında azərbaycanlı mühacirlərin Macarıstanda baş verən hadisələrlə bağlı yazıları var. Məsələn, Əli Azərtəkin “Milli ruhun zəfəri” adlı məqalə yazıb, Macarıstanda ruslara qarşı üsyanı işıqlandırıb. Macar alimlərinin Azərbaycan Cümhuriyyəti və mühacirəti mövzusuna münasibətləri necədir? Hər hansı tədqiqat işləri varmı?

- Mən sizə başqa bir fakt deyə bilərəm. Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşov öz hökumətinə göndərdiyi məlumatlardan birində ABŞ və aparıcı Avropa dövlətlərinin bu ali forumundan bəhs edərkən ondan ümumi sülhə, xalqların müstəqillik arzusuna hörmət gözləməyin əbəs olduğunu bildirir və fikrini əsaslandırmaq üçün “müttəfiq” Rumıniyanın hərbi təcavüzünə məruz qalan Macarıstanı misal gətirirdi. Mən bu fakt barədə macar dostlarıma danışanda onlar xoş bir şəkildə heyrətlənmişdilər. Azərbaycan kimi macar heyəti də Paris sülh konfransından ölkələri ilə bağlı gözlədiklərinin çox böyük hissəsini ala bilməmişdi. Konfrans işini başa çatdırandan altı ay sonra imzalanan Trianon sazişinin şərtlərinə əsasən, Macarıstan ərazisinin 72, əhalisinin 64 faizini (o cümlədən 3 milyon nəfər etnik macar), habelə dünya okeanına çıxışını itirmişdi. Başqa sözlə desək, faciənin miqyası kifayət qədər böyük, az qala Azərbaycanın müstəqilliyini itirməsinə bərabər idi. Təbii ki, macar tarixçiləri bu barədə çox yazırlar. Amma bilavasitə Azərbaycan Cümhuriyyəti və mühacirət mövzularında onların hansısa tədqiqatına rast gəlməmişəm. Bir də iki dünya müharibəsi arasında Xorti rejiminin hökm sürdüyü Macarıstan qonşu Polşa, yaxud Çexiyadan fərqli olaraq siyasi mühacirlərin üzünə bağlı idi. Azərbaycan, ümumən Qafqaz mühacirətinin heç bir nümayəndəsi burada məskunlaşa bilməmişdi, hər hansı cəmiyyət, yaxud nəşriyyat yaratmaq, qəzet, yaxud kitab çap etmək mümkün olmamışdı. Ona görə də macar alimlərindən mühacirət mövzusunda hər hansı araşdırma gözləməyə, ummağa sadəcə olaraq əsas yoxdur. Cümhuriyyət haqqında isə bildiyim qədər yalnız müasir macar tarixçisi Borbola Obruşanskanın “Azərbaycan” adlı kitabında bəhs olunur. Əli Azərtəkinin adını çəkdiyiniz məqaləsi 1956-cı il macar üsyanı haqqındadır. Əgər 1956-cı il üsyanı Sovet imperiyasının sonunun başlanğıcı idisə, 1990-cı il Bakı hadisələri gerçək son idi. Mən tanınmış macar jurnalisti və hərb tarixçisi, ötən əsrin 90-cı illərində bir sıra macar qəzetlərinin keçmiş Sovet İttifaqında xüsusi müxbiri olmuş Peter Dunai ilə birlikdə SSRİ-yə sarsıdıcı zərbə kimi dəyərləndirilən bu iki xalq hərəkatı ilə bağlı geniş illüstrasiyalara malik sənədlər məcmuəsi hazırlamışam. Amma təəssüf ki, maliyyə çətinlikləri üzündən çapı hələ də ləngiyir.

- Yüz illiklə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinin hansı planları nəzərdə tutulub? Eləcə də, Azərbaycan Cümhuriyyəti və mühacirətinin tədqiqatçısı kimi ölkədə hansı addımın atılmasını zəruri hesab edirsiniz? Cümhuriyyət bağı, Cümhuriyyət muzeyi, abidələrin qoyulması kimi təkliflər səslənir.

- Düşünürəm ki, Cümhuriyyətin şanlı yubileyi ölkədə, yaxud onun hüdudlarından kənarda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində böyük və haqlı qürur hissi doğurmalıdır. Baxın, bu il Azərbaycanla bir sırada Macarıstan, Polşa, Çexiya, Finlyandiya, Latviya, Litva, Estoniya, Gürcüstan, Ermənistan da milli dövlətçiliyin 100 illiyini qeyd edir. Fikir verin, bu dövlətlər içərisində yalnız Azərbaycan Şərq, islam ölkəsidir. Bu da Cümhuriyyətin qurucu atalarının nə qədər açıq fikirli, mütərəqqi düşüncəli və uzaqgörən insanlar olduğunu göstərir. Onlar yüz il bundan əvvəl ölkəmizin qabaqcıl Avropa ilə ayaqlaşmaq, demokratik dövlət, parlament respublikası qurmaq əzmini ortaya qoyublar. Hesab edirəm ki, ilk növbədə Cümhuriyyət sevgisi insanlarımızı ürəklərinə və beyinlərinə yol tapmalıdır. Yeni yetişən gənclik Cümhuriyyətin tarixinə, liderlərinə, ideya və ideallarına daha yaxından bələd olmağa çalışmalıdır. Tariximizin qürur verici səhifələrini öyrənməlidirlər. Bu da öz növbəsində yaxın gələcəkdə Cümhuriyyət muzeyinin təşkilini (əminəm ki, belə bir addım atılsa, sənin də kolleksiyan həmin muzeyin ekspozisiyasında öz yerini tutacaq!) zərurətə çevirir. Çünki belə muzey ilk növbədə bizim milli dövlətçilik tarixinə yaxşı bələdçi ola bilər. Cümhuriyyət bağı da məqbul ideyadır. Düşünürəm ki, dövlət başçısının “Cümhuriyyət ili” elan etdiyi 2018-ci ildə biz kökünü qədirşünaslıqdan alan bir sıra xoş sürprizlərlə qarşılaşacağıq. Abidələr haqqında. Səmimi deyirəm: mən ayrı-ayrı şəxslərdən daha çox cümhuriyyət ideyasına, cümhuriyyətçiliyə rəmzi, lakin möhtəşəm və görümlü bir abidə qoyulmasını daha çox istərdim. Amma digər tərəfdən istər qlobal miqyasda, istərsə də ayrıca götürülmüş bir ölkədə tarixin lokomotivi həmişə xalqın yetirdiyi görkəmli şəxsiyyətlər olub. Elə isə Azərbaycan türklərinə milli dövlətçilik kimi əvəzsiz nemət verən, bu yolda həyatlarını fəda etməkdən də çəkinməyən, ümmətdən millət yaradan, onu bir bayraq altında birləşdirən liderlərin heykəli niyə olmasın? M.Ə.Rəsulzadə əqidə dostu Ə.Topçubaşovun vəfatı günlərində yazırdı: “Əlimərdan bəyin adı bizim siyasi və ictimai həyatımızın ən vacib dövrlərindən birinin yaranmasını özündə təcəssüm etdirir. Sözü, qələmi, tükənməz enerjisi ilə o, həyatının son gününə qədər xalqının xoşbəxtliyi və millətinin haqq işi uğrunda mübarizənin ön cərgəsində getdi. Biz azərbaycanlılar Əlimərdan bəyin simasında milli hərəkatın bütöv bir dövrünün təmsilçisini, böyük dövlət xadimini, milli müstəqillik uğrunda dönməz mübarizi itirdik. Elə bir zaman gələcək ki, artıq ölkəmiz azad olacaq. Parlamentinin ilk sədrinə, müstəqilliyinin müdafiəçisinə minnətdar olan xalq onun abidəsini ucaldacaq”. Xalqımız indi azaddır. Öz dövlətimizdə yaşayırıq. Elə isə bu ilin dekabr ayında 100 illiyini qeyd edəcək parlamentimiz nə üçün ilk rəhbərlərinin – Cümhuriyyəti Avropada tanıdan Əlimərdan bəy Topçubaşovun, sözü, fəaliyyəti ilə Azərbaycan türklərinin haqlarını qoruduğuna görə erməni terrorçularının qətlə yetirdikləri Həsən bəy Ağayevin xatirəsini əbədiləşdirmək haqqında düşünməsin? Başqa tanınmış dövlət xadimlərinin adları, xidmətləri niyə yad olunmasın? Macarıstana gəldikdə bəzi fikirlərimiz, niyyətlərimiz var. Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransına təqdim etdiyi memorandumu macar, ingilis və fransız dilində nəşrə hazırlayırıq. Aprel ayında Budapeşt yaxınlığındakı Gödöllö universiteti ilə birlikdə gənc alimlərin Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransını keçirəcəyik. Macar ictimaiyyətini, ilk növbədə isə macar gənclərini Cümhuriyyət tarixi və idealları ilə yaxından tanış etməyə çalışırıq. Bu işdə bizə Macarıstan ali məktəblərində təhsil alan tələbələrimiz yaxından kömək göstərirlər. Əlbəttə, ortada bir sıra digər təşəbbüs və planlar da var. Amma onlar haqqında indidən danışmaqdansa, gerçəkliyə çevirməyi daha üstün tuturuq.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər