Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm.
Bunu İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 27-də Türkmənistan və Azərbaycana səfərə yola düşməmişdən əvvəl Tehran hava limanında keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, səfər Türkmənistan və Azərbaycan prezidentlərinin rəsmi dəvətləri əsasında baş tutur: "İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələr ilə yaxın əlaqələrin qurulmasıdır. Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən biridir. Türkmənistan və Azərbaycan İranı Mərkəzi Asiya və Qafqazla birləşdirən ölkələrdir".
H.Ruhani bildirib ki, Rəşt dəmir yolunun Astaraya birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaza, Rusiya və Avropaya birləşdirmiş olacaq.
Onun sözlərinə görə, səfər zamanı İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq: "Türkmənistan və Azərbaycana olan səfər çərçivəsində İran, Türkmənistan və Azərbaycanın iş adamları, sahibkarları, investorları və özəl sektor nümayəndələrinin birgə iclasları təşkil ediləcək və bu iclaslarda əməkdaşlıqların genişləndirilməsi yolları müzakirə olunacaq. İranın Türkmənistan və Azərbaycan ilə əlaqələri çox yaxşı səviyyədədir. Münasibətlərin daha da inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur”./Report/