28 Mart 2018 12:00
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzakət Məmmədova, politoloq

Minilliklərdir ki, demokratiyanı dünyaya yaydıqlarını car çəkən dövlətlər və qüvvələr özləri elə onun əsaslarının sarsıdılması ilə məşğul olurlar. Bu, balta ilə öz əkdiyin ağacın qol-budağını kəsməyə oxşayır.

Bəzən demokratik hakimiyyətlər onlara sərf etmir və bu zaman xalqın seçdiyi həmin hakimiyyəti devirmək, güzəştlərə getməsi üçün təzyiq və təhdid altında saxlamaq lazım gəlir. Həmin vaxt ilk növbədə əsas hücuma məruz qalan dəyər demokratik iqtidarın legitimliyi məsələsidir. Məsələn, xalqın özü tərəfindən ən azı 70-80 faiz səslə seçilmiş liderin qeyri-legitim yolla hakimiyyətə gəlməsi xalq kütlələrinin şüuruna yeridilməyə çalışılır. Bunun üçün onlar özlərinə lazımlı xüsusi adamlardan - əməkdaşlığa cəlb etdikləri agentlərin istifadə edirlər. Həmin agentlərin məqsədi ilk növbədə cəmiyyətə və dövlətə qarşı psixoloji müharibə başlamaqdır. Məlumdur ki, vətəndaş və dövlət, prezident arasında yazılmış və yazılmamış qanunlara əsaslanan münasibətlər mövcuddur. Prezidentin xalq qarşısında Konstitusiyaya uyğun olan səlahiyyət və hüquqları, vətəndaşın isə dövlət rəhbəri qarşısında yenə də hüquq və vəzifələri vardır. Lakin eyni zamanda, ölkəmiz həm də Şərq ölkəsi olduğundan burada dövlət başçısına əxlaqi dəyərlərə əsaslanan hörmət və ehtiram vardır. Avropadakı inqilablar, xaos, dini müharibələr, yüzillik müharibələr olduğu halda Şərqin Çin kimi ölkələri məhz Konfutsi kimi müdriklərin dövlət rəhbərinə ehtiram göstərilməsi prinsipi əsasında inkişaf etmiş, sabitlik içərisində yaşamışdır. Bütün fəlsəfi-siyasi təlimlərdə sabitliyin və rifahın əsas şərt olduğu, inqilabların və dövlət çevrilişlərinin ölkəni yüzilliklərlə geri saldığı qırmızı xətt kimi keçmişdir. Etiqad etdiyimiz islam dini də dövlət rəhbərini Allahın yerdə kölgəsi hesab edərək ona xüsusi ehtiram tələb edib. Lakin son onilliklərdə dünyanın özünü bürüyən xaos, beynəlxalq hüququn sıradan çıxarılması, münaqişələr və müharibələrlə yanaşı adına ilk baxışdan məsum, cazibədar görünən "rəngli inqilablar" deyilən, faktiki isə kütləni itaətsizliyə təhrik edib legitim hakimiyyəti devirmək tendensiyasını da doğurdu. Yaxın Şərqdə, keçmiş sovet məkanının bir neçə ölkələrində bu, baş verdi. Lakin heç bir ölkə və onun əhalisi bundan ağ günə çıxmadı, əksinə, səhv etdiklərini dərk edərək keçmiş günlərin xiffətini çəkməyə başladılar. Bu hadisələr və onların acınacaqlı nəticələri hər birimizin gözü qarşısında baş verdiyi üçün onun üzərində geniş dayanmaq istəmirəm. Bəs bu inqilablar niyə baş verdi?! Əvvəllər, bir ölkə digərini özünə tabe etmək, onu asılı vəziyyətə salmaq, resurslarını talan etmək istəyirdisə bunu onun üzərinə qoşun çəkməklə həll edirdi. Lakin iki dünya müharibəsindən sonra birbaşa hərbi müdaxilə beynəlxalq aləmdə qınama obyektinə çevrildiyi üçün daha çox hərbi çevrilirlər ənənəsi yer tutmağa başladı. Bununla belə, bu da legitim hakimiyyətləri devirmək vasitəsi olduğundan beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qadağan olundu. Məsələn, ABŞ Konqresi ölkənin adının bir çox xarici dövlət çevrilişlərinin təşkil olunmasında hallanmasında, beynəlxalq nüfuzuna xələl gəlməsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinə xarici ölkələrdə dövlət çevrilişlərində iştirakı qadağan etdi. Bundan sonra özlərinə sərf etməyən, müstəqil siyasət yeridən ölkələrə qarşı yeni bir strategiya işlənməyə başladı. Əvvəlcə qanuni seçilmiş hakimiyyətlərin əsaslarını sarsıtmaq üçün onun qeyri-legitim olduğunu əlaltıları vasitəsilə xalq kütlələrinin şüuruna yeridib onlarda dövlətə, hakimiyyətə qarşı kin-küdurət, nifrət aşılamaq, daha sonra isə kütləni qızışdırıb ayağa qaldıraraq qeyri-qanuni yolla dövlət çevrilişi etmək. Bunu isə guya xalqın iradəsi kimi təqdim etmək. Lakin burada ən təhlükəli məsələlərdən biri çox hallarda bunu təşkil edən beynəlxalq qüvvələr yox, dövlətin müharibə apardığı, yaxud müharibə şəraitində olduğu düşmən dövlətlər ola bilər. Onlar öz adlarından, yaxud kəşfiyyat dilində deyildiyi kimi yad bayraq altında üçüncü ölkənin adından hədəf seçdikləri ölkənin müəyyən vədlərlə, yaxud pul, Avropa vətəndaşlığı verilməsi müqabilində ələ alına bilən, ölkəsindən narazı, zəif iradəli şəxsləri bu işə cəlb edə bilərlər.

Bundan sonra özlərinə sərf etməyən hakimiyyətləri devirmək üçün bir çox üsullara əl atılmağa başlandı ki, onlardan biri virtual ekspansiyadır. Məhz sosial şəbəkələrdən istifadə olunmaqla istənilən ölkəyə qarşı virtual hücumlar təşkil olunmağa başladı. Bundan hər kəs özünə sərf edən şəkildə istifadə etməyə başladı. Azərbaycan da bu cür müdaxilələrdən kənarda qalmadı. Ölkəmizə qarşı xüsusən Ermənistan xüsusi xidmət orqanları və xaricdəki erməni diasporu, Azərbaycanda marağı olan böyük dövlətlərin güc mərkəzləri və s.virtual hücuma keçdilər. Bu, hibrid müharibəsinin ən təhlükəli tərəflərindən biri olan psixoloji müharibədir. Bunun üçün Avropaya mühacirət etmiş şəxslərdən istifadə olunur. Belə şəxslər istənilən ölkənin kəşfiyyatı üçün əsl yemdir. Onlar Avropa vətəndaşlığı verilməsindən tutmuş digər vədlərin, ödənişlərin müqabilində bu cür çirkin işlərə cəlb olunublar. Hər bir ölkənin kəşfiyyatı ilk növbədə yüksək intellektli, müəyyən məlumatlara çıxış imkanı olan şəxsləri əməkdaşlığa cəlb etməyə çalışır. Lakin bu, böyük məqsədlər üçün keçərlidir. Kiçik, cılız məqsədlər üçün isə elə məhdud dünyagörüşlü, pulgir, ən müqəddəs amal olan Vətənini satmağa hazır olan adamlar seçilir. Məqsəd nədir?! Məqsəd ilk növbədə hakimiyyətin legitimliyini sarsıtmağa yönəlmiş fəaliyyətləri həyata keçirməkdir. Guya, hakimiyyətin legitim olmadığı barədə cəfəng iddialarla xalqda öz seçdiyi prezidentə qarşı inamsızlıq formalaşdırmaq istəyirlər. Lakin bu cəhdləri uğursuzluğa məhkumdur. Prezidentin köməkçisi, professor Əli Həsənov kimi ali vəzifəli dövlət, eyni zamanda böyük alim adamı səviyyəsində onlara layiqli cavab verildi. Həm də onların elə hücuma keçdikləri virtual məkanda.

Bu məhdud dünyagörüşlü, normal təhsilləri olmayan şəxsləri ortaya atanlar bilməlidirlər ki, axı, Azərbaycan cəmiyyətində, dövlətçilik tarixində yüzilliklər boyu formalaşmış ənənələrdən biri böyüyə, başçıya, dövlət rəhbərinə olan hörmət, ehtiramdır. Bu, legitimliyin özü qədər mühümdür. Dövlətin ali mövqeyində duran şəxsi təhqir etmək həm cəmiyyətin düşüncə tərzinə, həm də yazılmamış mərdlik qanunlarına ziddir. Yəni, Azərbaycan həm müasir demokratiya prinsiplərinin, həm də əsrlər boyu mövcud olmuş hökmdara ehtiram ənənələrinin mövcud olduğu ölkədir. Bu, bizim tarixi inkişafımızın, xalqımızın dünyagörüşünün nəticəsidir. Bu, həm də bizim sabitliyin, rifahın əsasını təşkil etmişdir. Məmləkətin başında duran insana ehtiram bizim siyasi-ideoloji fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Nizami, Füzuli kimi dahi mütəfəkkir şairlərimiz yaşadıqları dövrün hökmdarlarına mədhiyyələr həsr etmiş, onların şərəfinə ən gözəl əsərlərini ithaf etmişlər. Bu, Şərq dünyagörüşünün dövlət-hökmdar-vətəndaş münasibətlərinin qarşılıqlı hörmət, ədalət prinsipləri əsasında mövcudluğunu deməyə əsas verir. Bugünkü Azərbaycan cəmiyyəti əsrlər boyu gələn bu ənənəyə riayət edir. Azərbaycan çox az ölkələrdəndir ki, orada əhali tarix boyu hakimiyyətə qarşı qiyam qaldırsın. Lakin bu gün demokratiyanı və milli dünyagörüşünü uğurla birləşdirən ölkəmizə qarşı hücumların arxasında məhz bu sistemi, təfəkkür tərzini dağıtmaq planı durur. Xalqımız müdrik və təmkinlidir. Bu xüsusiyyəti onu alətə çevirmək istəyən qüvvələrə sərf etmir. Onun bu dəyərlərini aşınmaya məruz qoymaq üçün məhz ən radikal üsul - təhqir və söyüşdən istifadə olunur. Məqsəd ali dəyərləri heçə endirmək, cəmiyyəti msnqurtlaşdırmaqdır. Öz dəyərlərindən uzaqlaşan cəmiyyət isə istənilən qüvvənin əlində marionet ola bilir, artıq millət deyil, kütlə səviyyəsinə düşmüş olur. Cəmiyyətin əxlaqi dəyərlərinin aşınmasına, dövlətin və hakimiyyətin legitimliyinin əsaslarının sarsıdılmasına yönəlmiş bu hərəkətləri edənlər pis bir tendensiyanın əsasını qoymuş oldular. Revanşizm hissləri ilə ortaya atılan bu adamların davranışı olduqca mənfi qarşılanmalıdır, cəmiyyətin hər bir üzvü buna öz münasibətini bildirməlidir. Bizim övladlarımız onların görmək istədiyi, formalaşdırmağa çağırış etdiyi Azərbaycanda yaşamamalıdır. Biz buna layiq deyilik. O səxslərin hərəkəti isə sabun köpüyü kimi boş, mənasızdır. Çünki söyüş, təhqir səmaya atılmış daş kimidir, mütləq qayıdıb onu atanın öz başına düşür!

P.S. Ən sarsılmaz legitimlik - xalqın etimadını, sevgisi və inamıdır. Prezident İlham Əliyev isə bu legitimliyi həmişəlik qazanıb və 11 aprel seçkiləri bunun təsdiqi olacaqdır!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər