28 Mart 2018 19:10
3 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada qlobal və regional səviyyədə geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu mərhələdə ABŞ başda olmaqla Qərb ölkələri ilə Rusiya-Çin tandemi arasında toqquşmalar olacaq.

Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər son zamanlar qərb ölkələri ilə Rusiya arasında müşahidə olunan diplomatik böhranı şərh edərkən deyib.

Onun fikrincə, baş verənlər bütövlükdə ABŞ liderliyində Qərb ölkələri ilə Rusiya arasında geopolitik toqquşmanın diplomatik-siyasi istiqamətdə əks edilməsidir:

“Fikrimcə, bu toqquşmaların intensivliyi də artacaq. ABŞ ilə Çin arasında ticarət müharibəsi başlayıb, digər tərəfdən Rusiya ilə həm vəkalət savaşları, həm də kəşfiyyat müharibəsi baş verir. Son zamanlar bir sıra Qərb ölkələrinin öz ərazilərindən Rusiya diplomatlarını çıxarması da, bu qarşıdurmanın siyasi-diplomatik istiqamətinə aiddir. Əslində, vəziyyətin bu həddə gəlməsini Rusiyanın özü istəyib. Rusiya 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə etdi. Qərb ölkələri buna müəyyən qədər reaksiya versələr də, güclü və şiddətli reaksiya olmadı. 2014-cü ildə isə Moskva Krımın Rusiyaya ilhaqı prosesinə getdi, ardınca Donbasa müdaxilə etdi. Bu addım Avropanın təhlükəsizliyini təhdid etdiyi üçün reaksiya daha ciddi oldu. Nəhayətdə 2015-ci ilin 30 sentyabrında Rusiya hava kosmik qüvvələrinin Suriyaya hərbi müdaxiləsi başladı. Bunun ardınca Rusiyanın həm ABŞ, həm də Avropaya kiber müdaxilələri başladı. Eyni zamanda seçki və siyasi proseslərə müdaxilə oldu. Sonda isə casus savaşları önə çıxdı. Bütün bunlar bir nöqtədə qırılmaya gətirib çıxardı. Üstəlik casus ölümü Böyük Britaniyada birinci hal deyildi. London hökumətinin qərarına əsasən artıq 15 casus ölümü ciddi araşdırılır. Deməli, Böyük Britaniyada baş verən 15 ölüm hadisəsində Rusiyanın barmağının olmasına dair ciddi şübhələr var. Belə bir məqamda Qərbin səbri tükəndi və NATO Varşava sammitində kiber məkanı döyüş məkanı olaraq qəbul etdi. Artıq kiber hücumlar hərbi hücumlar kimi qəbul edilir. Böyük Britaniyada casus sui-qəsdindən sonra Rusiya hərbi kəşfiyyatından ciddi şübhələr ortaya çıxdı. Təsadüfi deyil ki, İngiltərə bunu hərbi hücum kimi qəbul etdi. Ona görə də, indi Rusiyaya qarşı sərt reaksiyası var. London və Vaşinqton anladı ki, bu addımlara Qərbin ciddi və sistematik reaksiyası olmalıdır. Nəzərə alınır ki, bu hücumları həyata keçirməklə Rusiyanın bir məqsədi Avroatlantik məkanı zəiflətməkdirsə, digər tərəfdən NATO-Avropa Birliyi daxilində münasibətləri körükləməkdir. Bu mənada Qərbin həmrəylik və birlik nümayiş etdirməsi önəmli idi”.

Zamanla bu qarşıdurmanın güclənəcəyini deyən Sülhəddin Əkbərə görə, proses qaçılmazdır:

“Əks halda tərəflərdən biri geri çəkilməli və qarşısında olan qüvvənin hegemonluğunu qəbul etməlidir. İndi Rusiya və Çin tərəfindən ABŞ-ın hegemonluğuna meydan oxuma halları var. Üstəlik regional səviyyədə İran və Şimali Koreya dövlətləri də ABŞ-a meydan oxuyur. Bu proses davam edəcək, şiddət də artacaq. Mümkündür ki, müəyyən səngimələr olsun, mübarizə istiqamətləri dəyişsin. Yəni bu qarşıdurma gah hərbi, gah siyasi, gah iqtisadi, gah kəşfiyyat, gah da kiber məkanda özünü göstərə bilər. Anlamaq lazımdır ki, müasir dövrdə müharibələr strateji xarakter alıb. Yəni uzunmüddətli müharibələr olacaq, zamana yayılacaq, geniş və hərtərəfli olacaq. Həm də bu müharibələrin strateji dərinliyi və tarixi, sosial-psixoloji dərinliyi olacaq. Bu müharibələr təəssüf ki, böyük toqquşmalar baş verməyənə, tərəflərdən biri məğlub olmayana qədər davam edəcək. Odur ki, dünyada və Qərbdə bu fikir səslənir ki, III Dünya müharibəsi olmadan yeni dünya nizamının formalaşması imkansız görünür. Artıq bu fikrin tərəfdarları getdikcə çoxalır. ABŞ-da Trampın komandasının yenilənməsi də, bir növ bu çağırışa reaksiyadır”.


Müəllif: Cavad

Oxşar xəbərlər