Dünən Belarus qəzetlərində çap edilən məqalədə Rusiyanın Azərbaycana satdığı silahların keyfiyyətinin aşağı olduğu vurğulanıb. Aydındır ki, Belarus Azərbaycana öz silahlarını satmaq istəyər. Üstəlik, bu alver Belarus üçün də əlverişli olar. Rusiyadan fərqli olaraq Belarusa hər hansı sanksiya tətbiq edilmir. Azərbaycan Belarusla əməkdaşlıq edir və bu ölkədən silah alır.
Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Rusiyanın Azərbaycana silah satmaq istəməməsi haqqında erməni mediasında gedən xəbərləri və bəzi rus ekspertlərinin bu xəbərə üstünlük verməsini şərh edərkən deyib.
Azad İsazadə əlavə edib ki, Rusiya rəsmi və deputatların Ermənistanda bəyanat verməsi Azərbaycanın yadından çıxmayıb:
“Bu deputatlardan biri açıq şəkildə dedi ki, Azərbaycana köhnə müqavilələr əsasında silah satışı həyata keçirilib, artıq bu kontrakt tam başa çatıb və bundan sonra Azərbaycanla təzə kontrakt bağlanmayacaq. Deputat buna səbəb kimi aprel müharibəsini göstərdi.
Digər deputat bildirdi ki, onsuz da Azərbaycana köhnə, sizə isə müasir silahlar satırıq. Bunu İrəvanda səfərdə olan rus deputatları dedi.
Mənim fikrimcə, hər iki açıqlama erməni daxili ictimai rəyi üçün səsləndirilən fikirlərdir. Ola bilsin, erməni mediası bunu əsas gətirərək iddia edir ki, daha Rusiya Azərbaycana silah satmaq istəmir. Hərçənd silah satışı ilə bağlı müzakirələrdə deputatlar iştirak etmir və qərarverici fiqurlar deyillər”.
Azad İsazadə xatırladıb ki, hazırda Rusiyanı dünya silah bazarından sıxışdırıb çıxarma prosesi gedir: “Rusiyanın silah bazarında müştəri problemi də var. Bu mənada Rusiya sona qədər çalışacaq ki, Azərbaycan kimi müştəridən imtina etməsin. Ermənistandan fərqli olaraq biz silahı pul verib alırıq. Rusiya hərbi-sənaye kompleksi üçün bu məqam çox vacibdir.
Ancaq onu da bilməliyik ki, Rusiya istehsalı olan və sərgidə nümayiş etdirilən silahlarla real satışa çıxarılan silahlar arasında fərqlər olur. Bəzən satılan silahlar natamam, keyfiyyətsiz ola bilər. Burada siyasi amil axtarmağa ehtiyac yoxdur. Sadəcə zavodlarda keyfiyyətsiz mallar buraxılır. Mən demirəm ki, bütün silahlar belədir. Amma 5 tankdan 1-də, 2-də texniki problem ortaya çıxa bilər.
Yadıma düşür ki, biz SSRİ zamanı təzə avtomobil alandan onu dərhal sürmürdük. Yaxınlıqdakı avtomobil ustasına aparırdıq, onun boltlarını sıxırdılar, yağını dəyişirdilər və s. Silahları da belədir.
Bir yandan da ruslar Ermənistanı sakitləşdirmək istəyirlər ki, Azərbaycana silah satmayacağıq, narahat olmayın. Aydındır ki, Azərbaycan yalnız Rusiyadan silah almır. Əgər sabah Rusiya silahlarının alışına sanksiya tətbiq olunsa, bu, ayrı məsələdir. Bu halda biz silah almaq üçün paralel mənbələr axtarışında olacağıq. Belə mənbələr isə kifayət qədərdir”.
Hərbçi mütəxəssis xatırladıb ki, Azərbaycan İsraildən, Ukraynadan, Çexiyadan, Belarusdan və digər ölkələrdən də silah alır:
“Silah almaq üçün mənbə kifayət qədərdir. Əsas odur ki, əlində maliyyən olsun. Erməni saytlarında yazılanlar və bir çox rusiyalı ekspertlərin tərəfdar olduğu fikirlər isə sadəcə erməni cəmiyyəti üçün deyilən sözlərdir. Buna ciddi yanaşmağı doğru hesab etmirəm”.