29 Mart 2018 17:32
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi barədə sazişin imzalanması “Şimal-Cənub” layihəsinin reallaşdırılmasında əsas amillərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu nəqliyyat sahəsində əməkdaşlıq proqramı TRACECA-nın Azərbaycan üzrə milli katibi, yük daşımaları üzrə ekspert Akif Mustafayev deyib.

A.Mustafayev qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi Rusiya və Şimali Avropa ölkələri üçün Fars körfəzinə birbaşa dəmiryolu çıxışının əldə edilməsidir:

“Bu, Astara və Rəşt arasında dəmiryolu əlaqəsi yaradılmadan mümkün deyil. Bu gün Rusiyadan İrana gətirilən yüklər yolun bir hissəsini avtomobil nəqliyyatı ilə daşınır. Bu isə yükləmə və boşaltma işlərinə görə ləngiməyə səbəb olur. Bu xəttin tikintisi bizə “Şimal-Cənub” dəhlizi çərçivəsində tam dəmiryolu marşrutunu yaratmağa imkan verir”.

Ekspertin sözlərinə görə, digər vacib amil Azərbaycanın Astara-Rəşt dəmir yolunun tikintisinə töhfəsidir:

“Bildiyiniz kimi, Azərbaycan bu layihənin reallaşdırılmasına 500 milyon dollar ayıracaq. Bununla da, Azərbaycan bu layihəyə öz töhfəsini verir. Bundan başqa, İranın Astara şəhərində dəmiryolu tikiləcək. Bu stansiyanın tikintisi 60 milyon dollar təşkil edəcək və Azərbaycan bu həcmi də ödəyəcək. Hesab edirəm ki, bu məbləğ 500 milyon dollara daxildir. Bu stansiyanın əhəmiyyəti onun 15 il müddətinə Azərbaycanın idarəçiliyinə verilməsindədir. Bu 15 il isə “Şimal-Cənub” dəhlizi ilə yük daşımalarının canlanması müddətinə düşəcək”. (Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər