İran Prezidenti Həsən Ruhaninin Azərbaycan səfəri uğurlu oldu. Bu səfərdə çoxlu sayda sənədlər imzalandı və bunların hamısı əhəmiyyətlidir. Ancaq mənə görə ən əhəmiyyətlisi Xəzər dənizində mübahisəli yataqların birgə işlənməsinə dair əldə edilən razılaşmadır.
Bu sözləri Teleqraf.com-a millət vəkili Tahir Kərimli İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri zamanı əldə edilən razılaşmaları şərh edərkən deyib.
Tahir Kərimli bildirib ki, bu razılaşma əsasında həmin blokların birgə işlənməsi hər iki dövlətə fayda gətirəcək: “Biz müstəqillik qazandıqdan indiyə qədər İran və Türkmənistanla Azərbaycan arasında Xəzərin bölünməsi, onun faydalı qazıntılarından istifadəyə dair fərqli fikirlər mövcud idi. Azərbaycan tərəfi haqlı olaraq çalışırdı ki, bu yataqların birgə işlənməsinə dair dövlətlər razılığa gəlsin. Sonda bu razılaşma İranla əldə edildi. Bundan sonra karbohidrogen yaraqlarının birgə işlənməsinə start veriləcək. Bu faktiki o deməkdir ki, Xəzərin hüququ statusu ilə bağlı mübahisəyə artıq yer qalmır. Fikrimcə, Azərbaycan-İran razılaşması gələcəkdə Tükrmənistanla da razılaşma əldə edilməsi üçün ciddi stimul olacaq. Bundan sonra 5 Xəzəryani dövlət dənizin hüququ statusu ilə bağlı bir araya gələ, saziş imzalaya bilər. Bakıda ciddi razılaşmalar əldə edilib”.
Deputat bildirib ki, ikinci mühüm məqam kimi Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsi haqqında razılaşmadır:
“Bu imkan verəcək ki, hətta Afrikadan gələn yüklər İran körfəzindən və Azərbaycandan keçməklə Qərbə və Şimala çatsın. Bu da ciddi məsələdir. İran artıq Ermənistan üzərindən dəmiryolu çəkmək layihəsinin üstündən xətt çəkib, Azərbaycanı həm Qərb, həm də Şimal istiqamətində tranzit ölkə kimi qəbul edir. Ümumiyyətlə, bu, Azərbaycan diplomatiyasının uğurdur ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan iqtisadi mərkəzə çevrilib. Türkiyə, İran, Rusiya kimi dövlətlər Azərbaycansız əməkdaşlıq edə bilmir. Faktiki olaraq regional əməkdaşlıqda da Azərbaycan ciddi təşəbbüslərlə çıxış edir”.
T.Kərimli deyib ki, İran-Azərbaycan əməkdaşlığı hər səviyyədə önəmlidir:
“İran prezidenti Bakıda bəyan etdi ki, ölkələrin ərazi bütövlüyü və coğrafiyasının dəyişməməsi onlar üçün prinsipial məsələdir. Bu ciddi bəyanatdır. Bu bəyanat Azərbaycana da aiddir. İran tərəfi ATƏT-in Minsk Qrupuna inanmır. Və hesab edir ki, Qarabağ münaqişəsi Türkiyə, Rusiya və İranın vasitəçiliyi ilə həll edilməlidir. Eyni zamanda İran Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Sözsüz ki, İran həm də Suriyanın parçalanmasını istəmir. Bunu biz də, Türkiyə də istəmir. Ümumiyyətlə, mən hələ Davos Forumu zamanı hiss etmişdim ki, İran və Azərbaycan prezidentləri arasında səmimi, etimada və qarşılıqlı inama əsaslanan münasibətlər yaranıb. Bu, dövlətlərarası münasibətlərdə çox vacib şərtdir”.
Tahir Kərimli qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması həyati vacib məsələdir:
“Biz tarixən eyni kökə malikik, xalqlarımız arasında ünsiyyət də artır. Bakıda səhiyyə, turizm, idman, mədəniyyət, energetika və digər istiqamətləri özündə ehtiva edən sənədlərdə imzalandı. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi Ermənistanın İran üçün dəyərini sıfıra endirəcək. İran prezidenti özü Azərbaycanı böyük dövlət kimi xarakterizə etdi. Biz Ermənistandan savayı digər ölkələrlə yaxın münasibətlərdə olmalıyıq. Cənab prezident çıxışında qeyd etdi ki, İranla ikitərəfli, üçtərəfli və dördtərəfli təmaslarımız var. Son 4 ildə beynəlxalq tədbirlərdə olan təmasları nəzərə almasaq, prezidentlər 11 dəfə qarşılıqlı səfərlər həyata keçirib. Bu özü son 4 ildə İran-Azərbaycan münasibətlərinin nə dərəcədə önəmli olduğunu göstərir”.