Azərbaycan və İran hərb sahəsində ciddi əməkdaşlıq edəcək.
Bu sözləri Teleqraf.com-a politoloq Qabil Hüseynli İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Bu barədə geniş açıqlama verilməsə də, ehtimal etmək olar ki, Azərbaycan və İran ciddi əməkdaşlıq edəcəkdir.
“Bəzi məqamlarına görə, bu səfər tarixi səfərlər sırasına daxil edilə bilər. Çünki bu səfər nəticəsində Azərbaycan-İran münasibətləri daha yüksək səviyyəyə qaldırıldı. Əvvəla Xəzərin neft və qaz yataqları ilə ağlı mübahisəli məsələ tam ədalətli olmasa da, hər iki tərəfin xeyrinə həll edildi və hər iki tərəf bu yataqları birgə istismar etmək razılığına gəldi. Yəqin ki, bu hadisənin müsbət nümunəsi Türkmənistana da təsir göstərəcək. Beləliklə, Xəzərdə mübahisəli neft-qaz yataqları məsələsi birdəfəlik həll edilmiş olacaq”.
Politoloq onu da qeyd edib ki, başqa bir müsbət cəhət şimal-cənub dəmir yolu layihəsinin artıq sənəd formasında təsdiq edilməsidir.
“Müqaviləyə əsasən, Azərbaycan İran Astarasına qədər dəmir yolunun həm körpü, həm də dəmir yol hissəsini tikib istifadəyə verib. Bu işlərə 40 milyon dollardan çox pul xərclənib. Eyni zamanda artıq tikintisi başlamış İran Astarasından Rəştə qədər olan yolun maliyyə məsələlərini də Azərbaycan öz üzərinə götürəcək. Bunun üçün İrana 500 min dollar məbləğində kredit verilir. Bu kredit ya faizli kredit şəklində geri qaytarılacaq, ya da gələcəkdə Azərbaycan tərəfi İranla birlikdə Astaradan Dəştə qədər olan dəmir yolunu ortaq şirkət tərəfindən idarə edəcəkdir.
Digər mühüm məsələ isə Neftçalada sənaye kompleksinin açılması ilə bağlıdır. Bu sənaye kompleksi avtomobil istehsalında artıq ixtisaslaşıbdır. Bundan başqa, əczaçılıq sahəsində də müqavilə imzalanıb. İran Sumqayıt şəhərində iri əczaçılıq zavodu tikir. Bu zavod işə salındıqdan sonra Azərbaycan bölgənin ən böyük dərman istehsalçılarından biri olacaq. Gələcəkdə daha yeni sahələr üzrə, xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsi haqqında da fikir mübadiləsi oldu və bundan sonra iki ölkə arasında ticarət dövriyyəsinin xeyli artırılması nəzərdə tutulur.
Hərb sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu barədə geniş açıqlama verilməsə də, ehtimal etmək olar ki, Azərbaycan və İran ciddi əməkdaşlıq edəcəkdir”.