30 Mart 2018 21:41
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm ulu öndər Heydər Əliyevin zamanında, həm də Prezident İlham Əliyevin dövründə İrana qarşı qonşu dövlət olaraq xoş münasibət həmişə ifadə edilib və bu, konkret addımlarla müşayiət olunub. Ancaq uzun dövrdə İrandan buna adekvat münasibət gözləsək də, bunun şahidi olmamışıq. Prezident Həsən Ruhaninin dövründə isə biz fərqli siyasəti müşahidə edirik. Bu siyasət Azərbaycan-İran münasibətlərində isti əlaqələrin qurulması, yaxşı qonşuluq münasibətlərinin formalaşmasına xidmət edən yanaşmadır.

Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Həsən Ruhaninin Azərbaycan səfəri və Bakıda əldə edilən razılaşmaları şərh edərkən deyib.

Ağamalı xatırladıb ki, bundan əvvəl iki ölkə arasında Xudafərin körpüsü yaxınlığında su elektrik stansiyanın yaradılması haqqında sənəd imzalanıb:

“Eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsünə İran tərəfinin müsbət yanaşması, bu təşəbbüsə xüsusi əhəmiyyət verməsi halları müşahidə edilib. İntensiv olaraq prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, aparılan müzakirələr öz nəticəsini verdi. Bu müzakirələrin nəticəsi konkret sənədlərdə öz əksini tapdı. Bu göstərir ki, İran-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Sözsüz ki, bu, dövlətlərimizin marağı baxımından son dərəcə əhəmiyyətlidir”.

Deputat deyib ki, İran prezidentinin Bakı səfəri zamanı Xəzərdə neft və qaz yataqlarının istismarı ilə bağlı mübahisələrin qarşılıqlı əməkdaşlıq hesabına çözülməsi böyük irəliləyişdir:

“Şübhəsiz ki, bundan sonra müvafiq addımların atılacağı gözləniləndir. Fikrimcə, bu razılaşma Xəzərin hüquqi statusunun həllinə öz müsbət təsirini göstərəcək. Xəzərdə İranla bizim aramızda neft və qaz yataqlarının birgə işlənməsinə dair razılaşma imkan verir ki, gələcəkdə Türkmənistanla razılaşma əldə edilsin”.

Fəzail Ağamalı hesab edir ki, İran-Azərbaycan münasibətlərinin bu şəkildə inkişaf etməsi işğal edilən torpaqların azad edilməsinə müsbət təsir göstərə bilər:

“İran-Ermənistan münasibətlərinin zəif olması bizim maraqlarımıza tamamilə uyğundur. Azərbaycan-İran münasibətlərinin inkişafı, iki ölkə arasında son dərəcə əhəmiyyətli razılaşmaların əldə edilməsi, intensiv qarşılıqlı səfərlər bu məqsədə də xidmət edir. Bu münasibətlərin inkişafı regional layihələrin də həyata keçməsinə öz müsbət təsirini göstərəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər