31 Mart 2018 10:07
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hamımız İran prezidenti tərəfindən daha konkret və bizi qane edən ifadə eşitmək istəyərdik. Ancaq uzun illərdir ki, bu, rəsmi Tehranın siyasi prioritetidir.

Bu sözləri Teleqraf.com-a müsahibəsində politoloq Fikrət Sadıqov deyib. Müsahibəni təqdim edirik.

- Fikrət müəllim, İran prezidentinin son səfərinin nəticələrini necə dəyərləndirirsiz?

- İki ölkə arasındakı münasibətlər inkişaf mərhələsində idi. Düşünürəm ki, bundan sonra daha yüksək səviyyəyə çatacaq. Çünki həm hər iki tərəfin maraqlarını qane edən sazişlər imzalandı, həm də artıq, İran irimiqyaslı layihələrdə iştirak edir. Astara-Rəşt dəmir yolu xətti də artıq fəaliyyətdədir. Bu da öz-özlüyündə o deməkdir ki, münasibətlər inkişaf edəcək və münasibətlərin daha yüksək səviyyəyə çatacağı reallıqdır. Təbii ki, Azərbaycanla İranın qonşuluq münasibətləri də bir-birini tam qane edir.

- Zaman-zaman Azərbaycan-İran münasibətlərində müəyyən ziddiyyətlər yaranıb. Hesab etmirsiz ki, son illər iki ölkənin dövlət rəhbərləri arasında təmasların artması ilə bu ziddiyyətlər aradan qalxıb və iki ölkə arasında konstruktiv, hər tərəfli əməkdaşlıq daha da dərinləşirmi?

- Gəlin, reallıqdan çox uzaqlaşmayaq. İranda Azərbaycanı o qədər də sevməyən dairələr var. Azərbaycan reallıqlarını bəyənməyən o dairələr, zaman-zaman müxtəlif bəyanatlar səsləndirirlər. Ancaq söhbət dövlətlərarası iqtisadi münasibətlərin inkişafından və bir çox layihələrdə birlikdə iştirak üçün atılan addımlardan gedirsə, bizi maraqlandıran əsas amillər bunlar olacaq. Digər tərəfdən, İran bizim ərazi bütövlüyümüzü tanıyır və hesab edir ki, Azəbaycan-Ermənistan münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həll olunmalıdır. Bu da bizi qane edir. Eyni zamanda biz onu da bilməliyik ki, İranda müxtəlif ermənipərəst ictimai-siyasi dairələr var. Ancaq düşünmürəm ki, o dairələr Azərbaycan, İran üçün hansısa təhlükə yaratsınlar və münasibətlərimizin inkişafına güclü təsir etsinlər.

- Bildiyiniz kimi, uzun müddət idi ki, Azərbaycan İran arasında Xəzərin hüquqi statusu ilə bağlı fikir ayrılığı mövcud idi. Həsən Ruhaninin Bakıya son səfəri, eləcə də Xəzərlə bağlı imzalanan son anlaşma ilə bu mübahisələr nə dərəcədə aradan qaldırıldı?

- Görüş zamanı hər iki dövlət başçısı iki mühüm məsələyə toxundu. Astara-Rəşt dəmir yolu xətti və Xəzər dənizinin hüquqi statusu. Xəzərin statusu ilə bağlı yekun sənədin imzalanması növbəti addımdır. Əgər söhbət Xəzərdə yerləşən bəzi yataqlardan, mədənlərdən gedirsə və dövlət başçıları da öz çıxışlarında bu barədə danışırlarsa, bu, müsbət faktdır.

- Xəzərlə bağlı imzalanan tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqların birgə işlənməsini necə qiymətləndirirsiz?

- Biz tərəfdən heç vaxt İranın maraqlarına zidd addım atılmayıb. “Dondurulmuş” o deməkdir ki, biz başa düşürdük, İranın maraqlarına toxunmamaq naminə, bu məsələ dondurulmuş vəziyyətdə qalmalıdır. Əgər dövlət başçıları Xəzərin statusu ilə bağlı razılığa gəlirlərsə, bunu bəyan edirlərsə, düşünürəm ki, həmin yataqlar birgə istifadə oluna da bilər. Bu barədə mütəxəssislər də öz fikirlərini deməlidirlər.

- Astara-Rəşt dəmir yolu ilə bağlı anlaşmanın əldə olunması Azərbaycan, bütövlükdə region üçün nə vəd edir?

- Azərbaycan son illər ərzində nəqliyyat qovşağına çevrilib. Bilirik ki, Azərbaycan ərazisində bir çox nəqliyyat və enerji layihələri reallaşır. Astara-Rəşt dəmir yolu da böyük layihənin bir hissəsidir. Böyük layihə isə Şimal-Cənub layihəsidir. Biz faktiki olaraq, bir qitəni digər qitəylə birləşdiririk. Bu layihə Azərbaycanı regionda vacib oyunçuya çevirir. Əgər biz bir neçə qitəni birləşdiririksə və bu layihədə bir neçə dövlət iştirak edirsə, bu, Azərbaycanın imici üçün müsbət amildir.

- Azərbaycanın başlıca problemi Qarabağ münqaşisədir. Bu baxımdan Ruhaninin son səfəri zamanı Qarabağla bağlı səsləndirdiyi bəyanatı necə şərh edərdiz?

- Açıq danışaq, biz hamımız İran prezidenti tərəfindən daha konkret və bizi qane edən ifadə eşitmək istəyərdik. Ancaq uzun illərdir ki, bu, rəsmi Tehranın siyasi prioritetidir. Bir tərəfdən onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hesab edir ki, bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, qətnamələr yerinə yetirilməlidir, digər tərəfdən isə Ermənistanla əməkdaşlıq edirlər. Bu reallıqdır. Əlbəttə ki, biz də həmişə öz mövqeyimizi bildiririk. Mən inanıram ki, Ruhani Bakıda olarkən də rəsmi Bakı Tehrana öz mövqeyini bir daha bildirib. Ancaq biz onların xarici və regional siyasətlərinin qarşısına sədd qoya bilmərik. Biz sadəcə, belə layihələrlə, özümüzü tanıtmaqla, öz rolumuzu yüksəltməklə bu məsələnin həllini yaxınlaşdıra bilərik. Düzdür, İran Ermənistanla əməkdaşlıq edir, ancaq bu o demək deyil ki, o əməkdaşlıq Azərbaycan-İran əməkdaşlığı səviyyəsinə çata bilər. İran böyük dövlətdir. Orada milyonlarla soydaşımız yaşayır. Hər halda İranla münasibətləri normal saxlamaq və inkişaf etdirmək hər iki tərəf üçün də müsbət amildir.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər