Rusiyanın bu gün apardığı siyasəti anlamaq üçün bu ölkənin tarixinə nəzər salmaq, bəzi məsələləri analiz etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Rusiya tarixində islahat aparan, aparmağa cəhd edən istənilən şəxs şəxslər qətl ediliblər və qəribədir ki, həmin qətlləri törədənlər də niyyətlərinə çatmayblar, əks-effektlə qarşılaşıblar:
“Rusiya tarixində ən böyük islahatçılardan biri II Aleksandr olub. O, təhkimçilik hüququnu ləğv edib, Avropa iqtisadi modelinə bənzər modelin əsasını qoyub, sənayeləşməni təşviq edib, hətta Rusiya onun dövründə bütün müharibələri udub. Amma “Narodnaya volya” təşkilatı 13 mart 1881-cı ildə çara qarşı terror hadisəsi törədir, onun ayaqları altına bomba atır və II Aleksandr həlak olur. “Xalqçılar” bu addımdan sonra gözləyirdi ki, rus xalqı ayağa qalxacaq, mütləq monarxiyanı devirəcək. Ancaq tam əksi baş verdi, çarın öldürüldüyü yer ziyarətgaha çevrildi, xalq axın-axın ora gəldi, çiçək gətirdilər və camaatdan yığılan pulla, həmçinin çar ailəsinin dəstəyi ilə Aleksandr öldürülən yerdə onun şərəfinə möhtəşəm “Spas na Krovi” kilsə kompleksi tikildi. Ora bu gün də Sankt-Peterburqun ən görkəmli yerlərindən biridir. Yəni, islahat aparanı öldürdülər. Məqsəd xalqı üsyana qaldırmaq idi – nəticədə xalq çar ailəsi ətrafında daha da sıx birləşdi”.
N.Cəfərli bildirib ki, daha sonra Rusiyada Stolıpin adlı bir nəfər çar imperiyasının baş naziri oldu, ciddi islahatlara başladı, ölkəni avropasayağı modernləşdirməyə çalışdı:
“Amma onu da öldürdülər. 1911-ci il avqustun sonunda ona 2 güllə atdılar, ağır yaralandı, 5 sentyabrda öldü. Yəni, yenə ciddi islahat aparan şəxsi öldürdülər, nəticədə hər şey yarımçıq qaldı.
Rusiyanın son çarı II Nikolay şəxsiyyət olaraq zəif olsa da, avropasayağı ölkə qurmaq istəyirdi, o da siyasi islahatlar etdi, parlament formalaşdı və daha böyük səlahiyyətlər aldı, yerli özünüidarə institutları yarandı, amma bolşeviklər onu və bütün ailəsini məhv etdilər.
Sovet Rusiyası isə tamam başqa yol tutdu – dünyadan təcrid olundu, Avropadan uzaq düşdü, absurd bir yol seçdi, nəticədə həm Rusiya, həm ətrafı ciddi problemlərlə üzləşdi, həmin problemlər bu gün də davam edir. SSRİ dönəmində Rusiya imperiyası sadəcə, qiyafəsini dəyişdi, başqa adla, başqa ideologiya ilə elə həmin imperiya siyasətini davam etdirdi, amma tarixində ən böyük güc mərkəzinə də məhz SSRİ dövründə çatdı”.
Ekspert qeyd edib ki, bu gün Kremlin SSRİ xiffəti məhz o güclü dövrə görədir, indi məhz həmin gücü bərpa etmək istəyir:
“Atdığı bütün addımların arxasında məhz o nostalji dayanır, bütün hesablar SSRİ-nin bərpası üçündür. Heç də təsadüfü deyil ki, Vladimir Putin 2 dünya müharibəsi olan, on milyonlarla insanın öldüyü XX əsrin ən böyük faciəsinin müharibələr deyil, məhz SSRİ-nin dağılması olduğunu dəfələrlə vurğulayıb”.