Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Nazir Əbdülhəmid Gül Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hüquq mühafizə orqanları, o cümlədən Ədliyyə nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirilib ki, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.