Krımın ilhaqından sonra tədricən soyumağa başlayan Qərb-Rusiya münasibətləri son vaxtlar daha da pisləşib. Vəziyyət o həddə çatıb ki, ABŞ və bir sıra Avropa dövlətləri rusiyalı diplomatları ölkədən çıxarmağa başlayıb.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, politoloq Turan Rzayev bildirib.
O qeyd edib ki, Rusiya tərəfi buna cavab olaraq daha sərt addımlar ataraq ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb:
“Krımın ilhaqından sonra biz Qərb-Rusiya münasibətlərində qarşılıqlı ittihamlar, qarşılıqlı sanksiyalar fonunda gərginlik müşahidə edirdik. Lakin artıq vəziyyət fərqli sferada cərəyan etməyə başlayıb. Diplomatların ölkədən çıxarılması və daha pisi – Rusiya tərəfinin ABŞ Baş Konsulluğunu bağlaması vəziyyəti olduqca mürəkkəbləşdirir. Təbii ki, bütün bunları nəzərə alaraq belə bir sual ortaya çıxır: Qərb-Rusiya münasibətləri niyə bu qədər kəskinləşdi? Məsələ ondadır ki, martın 4-də Böyük Britaniya xüsusi xidmət orqanlarına casusluq etməkdə günahlandırılan və hazırda bu ölkədə yaşayan Sergey Skripal və onun qızı Yuliya Londonun Solsberi şəhərciyində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Təbii ki, bu ittihamı əsassız da saymaq olardı, lakin martın 18-də Böyük Britaniyanın xarici işlər naziri Boris Conson önəmli bir nüans irəli sürdü. O bildirdi ki, Kreml SSRİ-nin dağılması ərəfəsində sinir-iflic sisteminə birbaşa təsir edən bir maddənin geniş ehtiyatlarını yaradıb. Məhz bundan sonra Böyük Britaniya baş naziri Tereza Mey parlamentdəki çıxışı zamanı Rusiyaya qarşı cavab addımları atacaqlarını bildirdi. O, çıxışı zamanı “Rusiya buna görə cavab verməlidir. Biz onlara izahat üçün vaxt verdik. Onlar bu kimyəvi məhlulun Böyük Britaniya ərazisinə necə gəlib çıxdığını izah edə bilərdilər. Amma əvəzində ittihamları inkar etməklə kifayətləndilər”, - dedi.
Bundan sonra Britaniya hökumətinin başçısı Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını bildirdi. O, Britaniyanın yüksək vəzifəli məmurlarının və kral ailəsi üzvlərinin Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının açılış mərasimində iştirak etməyəcəklərini bəyan etdi. Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini də söylədi. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını da sözlərinə əlavə etdi. Meyin fikirlərini Britaniya parlamentariləri də dəstəklədilər. Onlar qeyd etdilər ki, Rusiyanın Britaniyada kimyəvi silahdan istifadəsini və digər hərəkətlərini dayandırmaq lazımdır. Parlamentarilər NATO-nun Rusiyaya qarşı konkret addımlar atmasınını vaxtının çatdığını qeyd etdilər. Onların sözlərinə görə, Rusiyanın addımları BMT-nin müzakirəsinə çıxarılmalıdır. “Başqa dövlətin ərazisində kimyəvi maddələrdən istifadə təkcə Britaniyaya qarşı deyil, eləcə də beynəlxalq hüquq və normativlərə ziddir”, - deyə parlamentarilər bildiriblər”.
T.Rzayev qeyd edib ki, T.Meyin təhdidləri heç də əsassız deyildi:
“Belə ki, bu çıxışdan sonra Britaniya hücuma görə bütün məsuliyyəti Rusiyanın üzərinə atdı və 23 rusiyalı diplomatı ölkədən çıxardı. Rusiya Londonun bu addımına analoji cavab verib.
Məsələyə ABŞ-ın da mövqeyi gecikmədi. Martın 26-da ABŞ və bir sıra Avropa İttifaqı ölkələri Londona dəstək məqsədilə rus diplomatların ölkədən çıxarılmasına qərar verdi. Beləliklə, Rusiyaya qayıdan diplomatların ümumi sayı 151-ə çatdı. ABŞ-ın bu addımı atması və məsələni daha da qızışdırmasında bir növ qisas amili də var. Belə ki, 1 avqust 2013-cü ildən Rusiyada yaşayan keçmiş NASA işçisi Edvard Snouden hələ də ABŞ-a qaytarılmayıb. Belə görünür ki, ABŞ-a məxsus sənədlər qarşılığında Rusiyaya sığınan Snouden məsələsini ABŞ tərəfi hələ də unutmayıb”.
Müsahibimiz əlavə edib ki, baş verənlərə Rusiyanın cavabı daha sərt və kəskin oldu. Rusiya ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsuluğunu bağlamağa qərar verdi:
“Əslində, ABŞ başda olmaqla Qərbin Rusiyanın üzərinə getməsini anlamaq olar. Məsələ heç də Sergey Skripalın kimyəvi hücuma məruz qalması deyil. Qərb ölkələri son vaxtlar Rusiyaya münasibətdə sanksiyaları sərtləşdiriblər. İndi də rusiyalı diplomatları öz ölkələrindən qovurlar. Görünür, Qərb Rusiyanı cəzalandırmağa qərar verib və əsas məqsəd prezident Vladimir Putinin hakimiyyətini zəiflətməkdir.
Putin etiraf etməsə də, sanksiyalar və Qərblə gərgin münasibətlər Rusiya iqtisadiyyatına ciddi mənfi təsir edir. Üstəlik, Rusiyanın təcridi genişlənir. Belə olan halda vaxtilə SSRİ-nin çöküşünü sürətləndirən ABŞ-ın indi də Rusiyaya münasibətdə oxşar prosesə start verdiyini düşünmək olar. Lakin Qərbin ciddi sanksiyalarına rəğmən, Rusiya son zamanlar Şərqdə olduqca aktivdir. Rusiya-Çin, Rusiya-Türkiyə, Rusiya-İran əlaqələrinin genişlənməsi başda ABŞ olmaqla Qərbi ciddi şəkildə narahat edir. Düşünürəm ki, Qərb ölkələri bu səbəbdən Rusiyanı mümkün qədər zəiflətmək və Şərq ölkələrinin gözündə etibarsız tərəfdaş kimi göstərməyə çalışırlar. Lakin düşünmürəm ki, bu proseslər Rusiyanın Şərq tərəfdaşları ilə münasibətlərini soyudacaq. Düzdür, sanksiyalar Rusiya iqtisadiyyatına zərbələr vurur, lakin nəzərə almaq lazımdır ki, Rusiya nüvə ölkəsidir və heç bir dövlət bu ölkə ilə açıq mübarizəyə, yaxud qarşıdurmaya getmək istəməz”.