Mən Qərb ölkələri ilə Rusiya arasında müşahidə edilən qarşıdurmaya çox sadə yanaşıram. Bunların hamısı baş aldatmaqdan və oyundan başqa bir şey deyil.
Bu fikirləri Teleqraf.com-a Azərbaycanın keçmiş baş naziri Rəhim Hüseynov Qərb ölkələri ilə Rusiya arasında müşahidə edilən diplomatik-siyasi böhran haqqında danışarkən deyib.
Sabiq baş nazir qeyd edib ki, müşahidə edilən bu oyunlar böyük siyasi qarşıdurmaya çevrilə bilməz:
“Bu, sadəcə oyunlardır və deyərdim ki, razılaşdırılan oyunlardır. Məqsəd də camaatın başını qatmaqdır”.
Rəhim Hüseynov daha sonra bildirib ki, müşahidə edilən bu proses heç bir halda böyük müharibəyə çevrilə bilməz:
“Müharibə olmayacaq və heç bir halda da mümkün deyil”.
Keçmiş dövlət adamı hesab edib ki, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını çökürtmək olmaz:
“Hər şey normal olacaq. Rusiya-Amerika, Rusiya-Avropa münasibətləri bir müddətdən sonra qaydasına düşəcək”.