3 Aprel 2018 17:42
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 2-də Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsinə dair sərəncam imzalayıb.

Teleqraf.com bildirir ki, Əşrəf Fərhad oğlu Şıxəliyev uzun illərdir Xarici İşlər Nazirliyinin əməkdaşıdır. O, Bakı şəhərində, görkəmli kimyaçı alim Fərhad Şıxəliyevin ailəsində dünyaya gəlib. F.Şıxəliyevin kimya texnologiyası, yeyinti, neft emalı və neft-kimya sənayesində əməyin mühafizəsi dair yazdığı kitablar ali məktəblərin kimya-texnologiya fakültəsi tələbələri üçün dərs vəsaiti kimi istifadə olunur.

F.Şıxəliyev bu təyinata qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var idi.

Bundan başqa Prezidentin 12 iyul 2017-ci ildə imzaladığı sərəncamla Ə.Şıxəliyev ölkənin diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ə.Şıxəliyevin sonuncu və onu cəmiyyətə daha çox tanıdan iş yeri isə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AIDA-nın rəisi vəzifəsi olub.

Qeyd edək ki, AIDA 14 sentyabr 2011-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd dünyanın müxtəlif bölgələrində hökm sürən sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsini təmin etmək olub. Eyni zamanda, Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf nəticəsində xarici ölkələrdən daxil olan və getdikcə artan müraciətlərə Azərbaycan Respublikasının zamanında və əlaqələndirilmiş şəkildə beynəlxalq yardımını təşkil etmək AIDA-nın əsas vəzifəsi kimi müəyyən edilib.

AIDA fəaliyyətini əsasən iki istiqamətdə qurub. Bunlardan biri humanitar yardım, digəri inkişafa yardımın göstərilməsini nəzərdə tutur. Agentlik indiyədək Pakistana, Fələstin dövlətinin Qəzza bölgəsinə, Sent Vinsent və Qrenadinə, Filippinə, Kubaya, Panamaya, Burkina Fasoya, həmçinin, suriyalı qaçqınlara maliyyə yardımı göstərib. AIDA 2012-2014-cü illərdə İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasını İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) uğurla həyata keçirib. Keçirilən humanitar aksiyalarda Azərbaycandan olan oftalmoloqlar da iştirak ediblər. Kampaniyalar nəticəsində ümumilikdə 10 mindən çox insanın görmə qabiliyyəti bərpa olunub, onların yenidən əmək fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaranıb.

AIDA-nın fəaliyyətinin ikinci istiqaməti olan inkişafa yardım çərçivəsində Fələstin dövlətinin Qüds şəhərinin inkişafına dəstək, Əfqanıstanda elektron hökumət layihəsi, xarici tələbələr üçün təqaüd proqramı, qonaq elmi işçilərin mübadiləsi proqramı, ixtisasartırma kursları və seminarlar keçirilir.

Onu da bildirək ki, BMT Baş katibi 2015-ci ildə Ə.Şıxəliyevi bu qurumun Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (Central Emergency Response Fund /CERF/) Məşvərət Qrupuna üzv təyin edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər