10:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransın önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Dövlət başçısı isə Fələstin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.
***
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad Əl Momanini qəbul edib.
Mohammad əl-Momani İordaniya Kralı II Abdullah ibn Al Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq qeyd etdi ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır. İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirdi.
İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya Kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini dedi. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğuladı. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd etdi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğuladı. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxundu və Azərbaycanın bu konfransa qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.
Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, ölkəmizə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olundu, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğuladı.
Dövlətimizin başçısı Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu dedi və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd etdi.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğuladı və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.
Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.