11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Respublikası Baş nazirinin birinci müavini və Xarici İşlər naziri İvica Dacic ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, prezident İlham Əliyev Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunub.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı vurğulayıb ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İ. Daçiç isə əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Nepal Federativ Demokratik Respublikasının Xarici İşlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını deyib.
Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan nazir turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlət başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri Xorxe Arreasa Monserrat ilə görüşüb.
Dövlət başçısı Azərbaycan ilə Venesuela arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın və Venesuelanın həm BMT-də, həm də Qoşulmama Hərəkatı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.
Xorxe Arreasa Monserrat isə Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirib.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Ri Yon-ho ilə görüşüb.
Dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransına böyük əhəmiyyət verdiyini bildirən prezident İlham Əliyev gələn ildən ölkəmizin bu mühüm quruma sədrlik edəcəyini və təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırıb. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ilə görüşüb.
Prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edib.
Dövlət başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirib.
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdəki böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzulayıb. M. Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırıb, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın mühüm tədbirlər təşkil etdiyini vurğulayaraq ölkəmizin beynəlxalq əməkdaşlıq işinə böyük töhfə verdiyini deyib. “Bakı Prosesi”nə və digər təşəbbüslərə BMT-nin verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlət başçısı bu yaxınlarda ölkəmizdə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun keçirildiyini və BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirə müraciət ünvanladığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin təşkil etdiyi beynəlxalq tədbirlər əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi işinə yönəlib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, miqrasiya və iqlim dəyişikliyi problemləri və BMT-nin qarşısında duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.