6 Aprel 2018 14:20
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Azərbaycan prezidenti deyib ki, son dövrdə bu istiqamətdə çox iş görülüb:

"Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb".

Prezident İlham Əliyev bildirib ki, inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək lazımdır:

"Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər