Düşünürəm ki, xarici siyasət sahəsində biz mümkün olan maksimuma çatmışıq. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.
Prezident bildirib ki, Azərbaycan xarici siyasətdə həmişə öz milli maraqlarını əsas götürüb və bu gün də belədir:
"Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik. Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur".
Prezident daha sonra bildirib: "Deməliyəm ki, biz beynəlxalq arenada böyük etimad qazanmışıq və bizimlə razılaşmaya bilərlər. Lakin düşünürəm ki, bizə hörmət edir və etimad bəsləyirlər. Bir daha deyirəm, bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq.
Azərbaycan-Rusiya münasibətləri barədə danışan Prezident İlham Əliyev bildirib ki, şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır: "Əlbəttə, Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox etimadlı münasibətlər var, bizdə qapalı mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik və ya görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bizim ikitərəfli münasibətlərin bu çox vacib amili dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da.
Biz bir sıra məsələlər üzrə çox sıx qarşılıqlı əlaqə saxlayırıq. İqtisadi sahədə əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq çox geniş sahədir. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir. Demək istəyirəm ki, münasibətlərimiz tamdəyərlidir və düşünürəm ki, qonşular və dostlar arasında münasibətlər belə olmalıdır".