7 Aprel 2018 01:42
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan həm regional, həm də qlobal əməkdaşlıq məkanına çevrilir. Biz də Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşlərinin keçirilməsi məkanı kimi Bakının seçilməsi təklifini bizə hörmət və etimad əlaməti kimi qiymətləndirdik. Biz bunu həm də Azərbaycanın düzgün qurulmuş xarici siyasətinin daha bir elementi kimi qiymətləndiririk.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünya birliyi tərəfindən çox etibarlı tərəfdaş, dost ölkə kimi qəbul edilir: "Ölkəmiz beynəlxalq, regional və qlobal əməkdaşlığı təkcə bəyan etmir, həm də bu işdə konkret mühüm addımlar atır. Biz artıq çoxlu sayda iri beynəlxalq tədbirlər, beynəlxalq forumlar, idman tədbirləri – birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları təşkil edən ölkəyik. Bu Oyunlar arasında cəmi iki il vaxt keçib. Bu da bizim imkanlarımızı, habelə dünyanın bizə münasibətini nümayiş etdirir. Ona görə ki, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası 100-dən çox ölkəni birləşdirir. Bu, dünya birliyinin yarıdan çoxu deməkdir. Bunlar əslində dünyanın aparıcı ölkələridir. Əlbəttə, düşünürəm ki, biz buna öz əməyimizlə, öz siyasətimizlə və onun sayəsində nail olmuşuq ki, Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib".

Prezident İlham Əliyev son vaxtlar Azərbaycana çoxlu turistlərin gəldiyini qeyd edib: "Son üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun. Biz bu regionda yaşayırıq. Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək. Əgər biz dünyanın aparıcı ölkələri arasında gərginliyin azaldılması işinə hər hansı kiçik töhfə verə biliriksə, əlbəttə, gələcəkdə də bunu edəcəyik".

Jurnalistin "İndi, seçkilər ərəfəsində Siz ötən beşilliyə nəzər salaraq deyə bilərdinizmi ki, bu illər ərzində ən çətin iş nə olub? Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə çəkilib, Sizə elə gəlib ki, nə isə alınmır və daha nə etmək lazımdır? Axı, hər halda seçkilər ərəfəsində Siz bundan sonrası barədə də düşünürsünüz" sualına cavabında Prezident İlham Əliyev deyib:

"Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir. Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər