6 Aprel 2018 23:53
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Olimpiya Komitəsinə 20 ildən artıq rəhbərlik edən bir şəxs kimi deməliyəm ki, biz bu istiqamətdə çox iş görmüşük və idmanın, bizim nailiyyətlərimizin ardıcıl inkişafı əsas göstəricidir. Yəni, biz bir neçə istiqamət üzrə irəliləmişik.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu istiqamətlərdən birincisi və ən başlıcası kütləvi idmandır:

"Bu, cəmiyyətin həm fiziki, həm də mənəvi sağlamlığının əsasıdır. Ona görə ki, idmançılarımız bizi təkcə qələbələrlə sevindirmir, onlar cəmiyyətdə davranış üçün yaxşı nümunələrdir, onlar çox ləyaqətli insanlardır, özlərini ləyaqətlə aparır və uşaqlar üçün yaxşı nümunədirlər. Biz bütün ölkədə Olimpiya İdman mərkəzlərinin tikintisi ilə məşğul olmağı qərara aldıq. Artıq bu gün ölkədə 43 belə mərkəz vardır və daha 4 mərkəz inşa edilməkdədir. Əlbəttə, Bakının idman infrastrukturu istənilən yarışları qəbul edə bilər, biz bunu Avropa Oyunlarında nümayiş etdirdik. Təbii ki, peşəkar idmana da böyük diqqət yetirilib və idmançılarımız bizi, əlbəttə, çox sevindirirlər və sevindirəcəklər. Bunu demək kifayətdir ki, Rio-de-Janeyroda keçirilmiş son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə olub. Təsəvvür edin, dünyanın 200-dən bir qədər az ölkəsi arasında medalların sayına görə 14-cü yerdə olmaq tarixi nailiyyətdir. İyirmi il bundan əvvəl bunu heç xəyalımıza gətirə bilməzdik. Biz bir, iki, üç medal arzu edirdik. Bu gün onlarca medalımız var. Bu, idmanın inkişaf göstəricisidir. Axı, idmançı əbədi yaşamır. Bu, o demək deyil ki, hansısa görkəmli idmançı filan qədər medal qazanıb. Bizdə hər il idmanın demək olar ki, bütün növləri üzrə yeni idmançılar yetişir.

Məqsədli proqramlar, çox güclü dövlət dəstəyi var və bizdə idmanın inkişafı ilə məşğul olan bütün strukturlar əlaqəli şəkildə fəaliyyət göstərir. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri – bunlar hamısı bir komanda kimi idman nailiyyətlərinin çox olması üçün çalışırlar. Ona görə ki, bu, təkcə milli qürur mövzusu deyil, ictimai həyatın çox mühüm amilidir. Ona görə ki, bu, əhvalı yüksəldir, vətənpərvərlik hissini, öz ölkəsinə görə qürur hissini artırır. Ən başlıcası bizim çempionlar gənc nəsil üçün yaxşı nümunədir ki, gənclər siqaret çəkməsinlər, içki içməsinlər, vaxtlarını boş keçirməsinlər, idman seksiyalarına getsinlər, yüksək nəticələr qazansınlar, onda ölkə buna görə onları layiqincə qiymətləndirəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər