7 Aprel 2018 15:20
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın “Nəşnl Qaz Europ” jurnalı Azərbaycanın yeritdiyi effektiv neft siyasəti ilə bağlı məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, məqalədə bu siyasət nəticəsində Azərbaycanın dünyadakı böhrandan kənarda qaldığı bildirilib.

Yazıda həmçinin, müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən bəhs edilib. Bildirilib ki, Azərbaycanın 20 faiz torpağının işğal olunması ölkə iqtisadiyyatına mənfi təsir göstərib:

“Əsasən də qaçqın və məcburi köçkünlərin işlə təmin edilməməsi müstəqilliyin ilk illərində ciddi sosial problemlərə gətirib çıxarıb. Ancaq Azərbaycan qısa müddətdə yeritdiyi siyasətlə bu problemin aradan qaldırılmasına nail olub”.

Məqalədə Heydər Əliyevin Azərbaycanın iqtisadiyyatında dönüş yaratdığı və ölkəni iqtisadi tənəzzüldən xilas etdiyi deyilir:

“Heydər Əliyev Azərbaycan neftinin beynəlxalq bazarlara ixracında mühüm addımlar atdı. 1994-cü il sentyabrın 20-də dünyanın nəhəng 5 şirkəti ilə bağlanan “Əsrin müqaviləsi” Azərbaycan neftinin dünya bazarına çıxmasını asanlaşdırdı. Bu müqavilə Azəri, Çıraq və Günəşli yataqlarının inkişafına səbəb oldu. Azərbaycanın tarixində yeni səhifə açıldı. Azərbaycan investisiyalardan 60 milyard dollar qazandı. Bu yataqlarda karbohidrogen hasilatının həcmi 670 milyon ton neft və 130 milyard kubmetr qaz kimi qiymətləndirildi.

Neftdən gələn gəlirlə Azərbaycan bir neçə enerji və nəqliyyat layihələri hazırladı. 1996-cı ildə Bakı-Novosibirsk, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ildə Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərləri işə salındı”.

Jurnal Heydər Əliyevin siyasətinin oğlu İlham Əliyev tərəfindən davam etdirildiyini yazıb:

“Prezident İlham Əliyev neft ixracının alternativ marşrutları tikintisi üçün böyük səylər göstərib. Hazırda BTC neft kəməri Azərbaycan üçün ən etibarlı və təhlükəsiz layihədir. Azərbaycan Neft Fondunun hesabatına görə, ölkə 2006-2016-cı illərdə BTC-dən 120 milyard dollar qazanc əldə edib. 2007-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Ərzurum qaz kəməri 2016-cı ilə qədər Azərbaycana 2,25 milyard dollar qazanc gətirib”.

Yazıda həmçinin, TANAP və TAP layihələri haqqında geniş məlumat verilib.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər