9 Aprel 2018 15:28
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsini onun ölkəyə son 5 ildəki rəhbərliyi dövrünün xalqa hesabat məqamı saymaq, həmçinin, gələcəyin yol xəritəsi kimi qiymətləndirmək mümkündür.

Teleqraf.com bildirir ki, M.Qusmanın dövlət başçısına ilk sualı da bu qənaəti möhkəmləndirir. Təsadüfi deyil ki, istedadlı jurnalist İlham Əliyevlə Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalmış görüşdüyünü, bu beş ilə yaxın müddətin çox tez keçdiyini vurğulayıb. M.Qusman Prezident üçün bu illərin bəlkə də bir an kimi keçdiyini, amma hər halda, bu son beş ilin Prezident və onun ölkəsi üçün nə ilə əlamətdar olduğunu bir neçə kəlmə ilə deməyi xahiş edib. Hərçənd, M.Qusman da bunun bir neçə kəlmə ilə ifadə etməyi çətin olduğunu etiraf edib.

Dünyaya açıq, demokratik, azadlıqların olduğu bir ölkə

Dövlət başçısı elə ilk suala cavabındaca əsas məsələnin bu illər ərzində Azərbaycanın uğurlu inkişafını davam etdirməkdən ibarət olduğunu bildirib. O əlavə edib ki, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib:

“Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir”.

Prezident çox haqlı olaraq bütün bunların son illərdə həyata keçirilən və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın dünya üçün açıq ölkə olduğunu, ökəmizdə bütün demokratik təsisatların mövcudluğunu, mətbuat azadlığının tam təmin edildiyini söyləyib:

“Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb”.

Ən güclü 50 ordudan biri

Azərbaycan ordusunun döyüş qabiliyyəti barədə fikirlərini bölüşən Prezident müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusunun dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olduğunu bildirib:

“Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb”.

Azərbaycan xalqının daha bir sərvəti

“Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq”, - deyən İlham Əliyev bu gün ölkəmizdə yaşayan bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss etdiklərini və bunun həqiqətən belə olduğunu əlavə edib. Prezident müxtəlifliyimizi bizim sərvətimiz adlandırıb:

“Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.

Öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən ölkə

Bir neçə il bundan əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan Prezident bunun Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti demək olduğunu sözlərinə əlavə edib:

“Bu, onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik”.

Status-kvo qəbuledilməzdir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar mövzusu Prezidentin bütün müsahibə və çıxışlarında olduğu kimi bu müsahibəsində də qırmızı xətlə keçib. Dövlət başçısı Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyinə şərik olduğunu və konkret fəaliyyət gözlədiyini söyləyib:

“Şübhəsiz, indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil. Xüsusən ona görə ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir. Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.

“Canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq imkanı verir”

Regionlarda çox tez-tez olduğunu bildirən Prezident maraqlı bir məqama toxunub:

“İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Qarşıdakı illərdə fəaliyyətin əsas istiqaməti…

Prezident növbəti suala cavabında qarşıdakı dövrlə bağlı əsas fəaliyyət istiqamətini açıqlayıb. O, qeyd edib ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq:

“Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm”.

Mən o insanlardanam ki…

Dövlət başçısının daha bir suala cavabı da maraq doğurur. Hobbisinə dair sualı cavablandıran İlham Əliyev deyib:

“Məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər