10 Aprel 2018 15:50
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti suriyalı qaçqınlara çox ciddi pul xərcləyir. Hazırda Türkiyədə yerləşən suriyalı qaçqınların sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ümumilikdə, onların sayı 2-3 milyon aralığındadır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti bu yaxınlarda suriyalı qaçqınlara indiyədək 30 milyard lirə pul xərcləndiyini bildirmişdi:

“Məcburi köçkünlər üçün təmin edilən şərait, onların hüquqlarının qorunması məsələsində Türkiyə dünyanın öndə gedən dövlətlərindən biridir. Türkiyə həm xərclədiyi pula, həm də standartlara görə nümunə göstəriləcək ölkədir. Hətta, BMT-nin Türkiyədə bu sahədəki vəziyyəti təhlil etdikdən sonra hazırladığı hesabatda da Türkiyənin həqiqətən, ümumiyyətlə, qaçqınlara çox ciddi imkanlar yaratdığı bildirilir. Bunların arasında heç şübhəsiz, suriyalılar birinci yerdə dayanırlar”.

N.Cəfərsoy bununla belə, Türkiyənin bu məsələdə dünya dövlətlərindən lazımınca dəstək ala bilmədiyini vurğulayıb:

“Prosesin həm humanitar yardım hissəsində, həm də işin siyasi tərəflərində Türkiyə rəhbərliyi tez-tez şikayətlənir ki, xarici ölkələr bizə yetərincə dəstək vermirlər. Sadəcə, Avropa İttifaqı dəstək verməyi vəd etmişdi. Bu, qitənin özünün təhlükəsizliyi baxımından atılan addım idi. Həmçinin, bu dəstək vədində müəyyən insani çalarlar da var. Təxminən 3 milyard avro məbləğində yardım veriləcəyi bildirilirdi. Ancaq bu 3 milyard yardım məsələsi tam olaraq öz həllini tapmayıb. Çünki müxtəlif məqamlar var. Bu məqamlardan biri Avropa İttifaqının yardımı müəyyən layihələr şəklində ayırmaq istəyi ilə bağlıdır. Yəni, Brüssel bu yardımı konkret layihələrə ayırmaq istəyir. İkincisi, yardımın verilməsi Türkiyə ilə Avropa İttifaqı arasında müəyyən siyasi məsələlərin kölgəsi ilə formalaşır. Son vaxtlar, xüsusən 1,5 il əvvələ baxdıqda Avropa İttifaqı ilə Türkiyə arasında çox ciddi gərginlikləri görə bilərik. Bu gərginliklər Avropa İttifaqının qaçqınlara yardımını da faktiki olaraq dayandırmışdı. Bu da Türkiyə hakimiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Hətta, məsələ Türkiyə rəsmilərinin “əgər siz sözünüzə əməl etməsəniz, o zaman biz məcburi köçkünləri Avropa ölkələrinə göndərəcəyik” açıqlamalarının səsləndirilməsinədək gedib çatmışdı”.

Son dövrlərdə bu istiqamətdə müəyyən yumşalmaların olduğunu deyən N.Cəfərsoy yumşalmaların iki istiqamətindən bəhs edib:

“Türkiyə-Avropa İttifaqı ilə münasibətlərini müəyyən şəkildə normallaşdırmağa çalışır. Bu da Avropadan müəyyən vəsaitin yavaş-yavaş da olsa gəlməsi, prosesə cəlb edilməsi sayəsində olur. Digər tərəfdən, Türkiyə Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarla orda müəyyən təhlükəsizlik zonaları yaratmağa başladı. Bu, həm də Türkiyə, Rusiya və İran arasındakı razılaşmanın nəticəsidir. Məsələn, Əl-Bab, Afrin kimi bölgələrdə artıq yavaş-yavaş quruculuq işləri aparılır, müəyyən təhlükəsizlik zolaqları yaradılır. Bu bölgələrə suriyalı məcburi köçkünlərin geri dönməsi planlaşdırılır. Artıq bu proses də yavaş-yavaş öz axarına düşməyə başlayıb. Əl-Babda dinc həyat şərtlərinin yaradılmasına başlanılıb. Ora artıq çox ciddi dönüşlər var. Bir müddət öncə məlumat yayıldı ki, Afrindən köç edənlərin artıq 30 faizi bölgəyə geri dönüb. Dolayısıyla, önümüzdəki dövrdə bu istiqamətdəki fəaliyyətlərin artacağını təxmin etmək mümkündür. Xüsusən, əgər Menbic və ətrafı ilə bağlı müəyyən məqamlar gündəmə gəlsə, biz yeni şəraitdən, yeni vəziyyətdən danışmış olacağıq”.

Qeyd edək ki, BMT Türkiyədə məskunlaşan suriyalı qaçqınlarla bağlı yeni plan hazırlayıb. BMT-nin ərzaq və kənd təsərrüfatı məsələləri üzrə ali nümayəndələrindən biri bildirib ki, plan bu gün Ankaraya təqdim ediləcək. Yeni plan suriyalı qaçqınların ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını, yaşayış üçün vəsaitlərin artırılmasını və həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər