12 Aprel 2018 09:16
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Suriyada növbəti dəfə kimyəvi silahdan istifadə edildi. Dəməşqin şərqindəki Duma bölgəsinə təşkil olunan hücum zamanı dinc sakinlər həlak oldu. Bu bölgə Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən mühasirədə saxlanılır. Hadisə zamanı azı 42 nəfər həlak oldu, 500 nəfər yaralandı. Dünya mediasında hücumun ağır nəticələrini əks etdirən görüntülər yayımlandı.

Duma sakinləri hücumda Əsədi günahlandırırlar. Kimyəvi hücumdan sonra BMT Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsinə qərar verildi.

Böyük Britaniya Xarici İşlər Nazirliyi insidentin dərhal araşdırılmasını tələb etdi. Londonun fikrincə, kimyəvi hücum sübuta yetirilsə, bunu yalnız Əsəd edə bilər.

Kimyəvi Əsəd

Əsəd qüvvələrinin kimyəvi silahdan istifadə etməsi təəccüblü deyil. Onlar bununla bir neçə ildir azad edə bilmədiyi Dumadan müxalifləri qovmaq niyyətindədir. Bu, kimyəvi hücumla bağlı birinci hadisə deyil. 2017-ci ilin aprelində Əsədin Xan Şeyxuna etdiyi kimyəvi hücum zamanı 80 dinc sakin həlak olub. Belə hücumlar 2013-2016-cı illərdə dəfələrlə Hələb, Hama, Xoms, Palmia, Latakiya və Safira şəhərlərinə də həyata keçirilib.

Əsəd ordusu bununla düşmənləri bölgədən çıxarmaq və həmin əraziləri asanlıqla ələ keçirməyi düşünür. Onlar bu bölgələrdə dinc sakinlərin yaşamasına belə məhəl qoymurlar.

Əsəd Putini çıxılmaz vəziyyətdə qoydu

Suriya prezidenti Dumaya hücumu rusiyalı həmkarı Vladimir Putin üçün münasib olmayan vaxtda etdi. ABŞ Dövlət Departamenti hücumda məsuliyyəti Rusiyanın üzərinə atdı. 2015-ci ildən Rusiya və İran vətəndaş müharibəsində Əsədə yardım edir. Elə təəssürat yaradılır ki, Moskva Dəməşqin kimyəvi silahlardan imtina etməsinə qəsdən mane olur. Ötən ilin noyabrında Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması ilə bağlı qətnaməsini blok edib.

ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında Əsədi “heyvan” adlandırdı və Putinlə İranı ona yardımda ittiham etdi. O vəd etdi ki, Əsəd və ona yardım edən ölkələr etdiklərinə görə cavab verəcəklər.

Məsələ ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov rus mütəxəssislərin araşdırmalar zamanı Suriyadakı hücumda kimyəvi silahdan istifadə halını aşkar etmədiyini bildirib. O, Qərbi anti-Rusiya və anti-Suriya kampaniyası aparmaqda ittiham edib.

ABŞ Müdafiə naziri Ceyms Mettis isə verdiyi açıqlamada Suriyada kimyəvi silahın mövcudluğunda Rusiyanın məsuliyyət daşıdığını bildirib. O deyib ki, İngiltərənin Solzberi şəhərində sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın Moskva tərəfindən zəhərlənməsi də bu faktı təsdiq edir.

Geosiyasi nəticələri

Əgər aparılan araşdırmalar Əsəd tərəfindən kimyəvi silahdan istifadəni təsdiq etsə, ABŞ və Qərb ölkələrinin Əsəd və Rusiyaya mövqeyi daha da sərtləşəcək. Pentaqon rəhbəri bunun təsdiqini tapdığı təqdirdə Əsədə qarşı hərbi gücün tətbiqini istisna etməyib. Əsədin T-4 hərbi bazasına hücum da kimyəvi silahdan istifadəyə qarşı atılan addım kimi qiymətləndirilə bilər. Həmin hücum nəticəsində 4-ü İran hərbçisi olmaqla 12 nəfər həlak olub. Amma ABŞ hücuma görə məsuliyyəti öz üzərinə götürmədi. İran isə hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirdi.

ABŞ və İsrailin Əsəd qüvvələrinə qarşı birgə hava hücumu təşkil etməsi də istisna deyil.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər