12 Aprel 2018 15:02
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “La Stampa” qəzetində Ermənistan prezidenti Serj Sarkisyana cavab məktubu dərc olunub.

Prezident mandatının başa çatmasından bir neçə gün öncə Vatikanda və İtaliyada səfərdə olan S.Sarkisyan “La Stampa” qəzetinə 7 aprel tarixində müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən açıqlamalar verib.

M.Əhmədzadə “La Stampa” qəzetində 12 aprel tarixində dərc olunmuş “Ermənistan, artıq saxtakarlıq yetər” sərlövhəli cavab məktubunda Sarkisyanın bu səfərin ona verdiyi fürsətdən öz günahlarına – Azərbaycana qarşı təcavüzə, mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinə, Xocalı soyqırımına görə dua etmək üçün istifadə etməli olduğunu, Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanın BMT-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığını və 1 milyon azərbaycanlının öz doğma torpaqlarına qayıtma hüququnu pozduğunu bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimlə bağlı Sarkisyanın illüziyalara qapıldığını və heç vaxt reallaşmayacaq bu illüziyaların Sarkisyanın öz məqsədinə çata bilməməsinin etirafı olduğunu deyən Azərbaycan diplomatı vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Sarkisyanın Ermənistanla Avropa İttifaqı arasında imzalanmış sazişi təhrif etdiyini də deyən M.Əhmədzadə Aİ-nin rəhbər şəxslərinin Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə etdiklərini bildirib. Azərbaycan diplomatı, eləcə də ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın İrəvan Xanlığına XIX əsrdə köçürülməsinin və sonradan həmin torpaqlarda Ermənistanın yaradılmasının tarixi faktlar olduğunu da qeyd edib.

Diplomat Azərbaycanın müstəqil, siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlət olduğunu, 2016-cı ilin aprel hadisələrinin öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu sübut etdiyini deyib və Ermənistanın bunu nə qədər tez anlayaraq öz ordusunu işğal olunmuş ərazilərdən çıxararsa bunun erməni xalqına bir o qədər tez fayda gətirəcəyini bildirib.

M.Əhmədzadə məktubunda, eləcə də Sarkisyanla müsahibənin müəllifi olan jurnalist Françesko Sempriniyə 6 aprel tarixində onun “La Stampa” qəzetində münaqişə ilə bağlı dərc olunmuş məqaləsinə münasibətdə də iradını bildirib, həmin məqalənin də qeyd olunan müsahibə kimi, erməni tərəfinin saxtakarlıq vasitəsilə ictimai rəy üzərində manipulyasiya etməsinin nümunəsi olduğunu, Ermənistanın təcavüzünə haqq qazandırmaq, münaqişə ilə bağlı əsl həqiqətləri gizlətmək və Azərbaycanın mültikulturalizm modelinə kölgə salmaq məqsədi daşıdığını söyləyib./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər