13 Aprel 2018 19:27
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik müddətində onun fəaliyyətini qənaətbəxş sayır və növbəti müddətdə ölkəyə onun rəhbərlik etməsini istəyir".

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın “Trud” ictimai-siyasi qəzetinin saytında dərc olunan məqalədə yazılır.

Məqalədə qeyd olunur ki, Azərbaycan vətəndaşları İlham Əliyevin səlahiyyətlərini təsdiq etdi və onu yeni müddətə təkrar seçdi: "Hələ səsvermədən bir ay qabaq “ELS” müstəqil araşdırmalar mərkəzinin keçirdiyi sorğu göstərdi ki, respondentlərin 84 faizdən çoxu öz səsini hazırkı dövlət başçısına verməyə hazırdır”.

Bildirilir ki, 2013-cü il prezident seçkilərindən sonra dövlətin inkişafında əsas uğurlar sırasında respondentlər xüsusilə təhlükəsiz həyat şəraiti (81 faiz), sabit siyasi vəziyyəti (79 faiz), Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri (44 faiz) qeyd edib. Bununla belə, respondentlər sonuncu məsələdə əsas irəliləyişləri Prezident İlham Əliyevin adı ilə bağlayır (88 faiz), ATƏT-in Minsk qrupunun nümayəndələrinin fəaliyyətinə isə rəyi soruşulanların cəmi 7 faizi inanır:

“İki il əvvəl baş vermiş və Azərbaycan ərazilərinin bir hissəsinin azad olunması və Ermənistan qoşunları ilə qarşıdurma xəttində strateji yüksəkliklər üzərində nəzarətin qaytarılması ilə nəticələnən qısa müharibə İlham Əliyevin reytinqini daha da yüksəlti”.

Rəy sorğusuna əsasən, respondentlərin 91 faizdən çoxu prezidentin həyata keçirdiyi daxili siyasəti dəstəkləyir. Məqalədə qeyd olunur ki, respublika sakinləri uğurla keçirilmiş Birinci Avropa Oyunlarını və İslam Həmrəyliyi Oyunlarını da unutmayıb. Bu tədbirlər sayəsində bütün dünya Azərbaycanı, onun xalqını və zəngin mədəniyyətini tanıdı.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər