14 Aprel 2018 12:06
2 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünmürəm ki, Rusiya Türkiyəylə münasibətlərinə ciddi xələl gətirmək istəsin.

Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ABŞ-ın Suriyanı bombalamasına Türkiyə və Rusiyanın fərqli mövqe nümayiş etdirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin bu məsələni loyal qarşılaması gözlənilən idi:

“Ümumiyyətlə, istər ABŞ-Türkiyə, istər ABŞ-Rusiya, istər də Türkiyə-Rusiya münasibətləri Suriyada gedən mövqe savaşları ilə şərtlənir. Türkiyənin Qərbin endirdiyi zərbələrə loyal münasibəti təəccüblü deyil. Ən azından ona görə ki, Türkiyə NATO üzvüdür və onlar müttəfiq ölkə sayılırlar.

Diqqət edirsinizsə, hazırki dönəmdə nöqtə zərbələrinin endirilməsi müxtəlif qeyri-rəsmi silahlı qruplaşmaların təsiri altında olan, nəzarətsiz ərazilərdə həyata keçirilir. Şübhəsiz ki, bu, Türkiyənin də maraqlarına cavab verir”.

Vuqar Zifəroğlu bu mərhələdə Türkiyə-Rusiya münasibətlərinin korlanacağına inanmır:

“Çünki Suriyadakı proseslərdə Rusiyanın da Türkiyəyə böyük ehtiyacı var. Xüsusən bir məqamı xatırlatmaq istərdim. Bir neçə gün bundan öncə İsrail Suriyaya ciddi zərbələr endirdi. Hətta Rusiya hərbi donanmasını geri çəkmək məcburiyyətində qaldı. Yüksək çinli muzdlu İran hərbiçilərindən də öldürülənlər oldu. Bununla bağlı Əli Əkbər Vilayətinin İsrailə etiraz notası da olmuşdu. Həmin hadisə Rusiyaya yaxın nöqtələrdə baş vermişdi. Ona görə də belə mürəkkəb situasiyada düşünmürəm ki, Rusiya Türkiyəylə münasibətlərinə ciddi xələl gətirmək istəsin”.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər