Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər TV-yə müsahibəsində deyib.
Dövlət rəsmisi bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzi rəyi heç nəyi dəyişmir:
“Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir”.
Əli Həsənov vurğulayıb ki, yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir.
Dövlət rəsmisi bildirib ki, həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb.
Əli Həsənov bildirib ki, seçkilərin yüksək səviyyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm Mərkəzi Seçki Komissiyası, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəlib.