Reallıq onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.
İlham Əliyev bildirib ki, son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə gedib: “Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.
Prezident bildirib ki, ordumuzun gücünü düşmən də gördü: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.