19 Aprel 2018 19:32
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda siyasi mübarizə mədəniyyətində müsbət meyllərin müşahidə olunması haqqında Prezident İlham Əliyevin fikirləri tamamilə doğrudur və müdafiə olunmalıdır. Biz Azərbaycan Prezidentinin bu yanaşmasını yüksək qiymətləndirirk. Eyni zamanda Prezident İlham Əliyevin öz rəqiblərini izləməsi və önəm verməsi Azərbaycanda siyasi münasibətlər sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Teleqraf.com-a BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Prezident İlham Əliyevin inauqurasiya mərasimində müxalifət haqqında fikirlərini şərh edərkən deyib.
BAXCP funksioneri deyib ki, belə konstruktiv münasibətlərin bundan sonra da davam edəcəyinə və Azərbaycan siyasətində yeni münasibətlər sistemini formalaşdıracağına, hakimiyyətlə müxalifət partiyaları arasında dialoqun davam etdiriləcəyinə inanır:

“Bizim üçün önəmli olan problemlərin həll edilməsidir. BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyev seçki kampaniyası boyunca etik normalar çərçivəsində davrandı, rəqiblərinə hörmətlə yanaşdı və yalnız öz seçki platformasının tezislərini, ölkədə olan problemləri, onların həlli yollarını göstərdi. Öz çıxışlarında bəyan etdi ki, BAXCP üçün prioritet bu problemlərin həllidir. Yəni bu problemlərin kim tərəfindən həll edilməsi o qədər də vacib deyil. Önəmlisi səsləndirilən fikirlərə Azərbaycan Prezidentinin göstərdiyi diqqətdir. Hesab edirəm ki, əgər ölkədə problemlər varsa, bu, təkcə dövlətin, hakimiyyətin və cəmiyyətin problemi deyil. Bu hər birimizin problemidir. Bunların həlli üçün də səylərimizi birləşdirməliyik. Bu baxımdan siyasi münasibətlərdə siyasi mədəniyyət meyllərinin inkişaf etməsi də əhəmiyyətlidir”.

Elçin Mirzəbəyli əlavə edib ki, 90-cı illər müxalifətinin artıq tarixin arxivinə çevrildiyi haqda deyilən fikirdə də hikmət var:

“Seçkiyə qədər və seçkidən sonra olan proseslər göstərdi ki, Azərbaycanda 1990-cı illərin ab-havasından çıxmayan, müasir dünya ilə ayaqlaşmayan, ölkənin maraqlarına deyil, ayrı-ayrı maraq qruplarına xidmət edən, hətta Azərbaycanın konstitusiya quruluşunun əleyhinə çıxış edən qüvvələrlə birgə hərəkət etməyə üstünlük verən siyasətçilər siyasi proseslərə təsir etmək gücündə deyillər. Seçki prosesi zamanı həmin siyasətçilərə öz mövqelərini ifadə etmək üçün şərait yaradıldı. Amma onların öz üzvləri belə keçirdikləri mitinqlərə dəstək vermədilər. Özləri seçiciləri boykota çağırdıqları halda xalq tərəfindən boykot olundular. Çünki onların cəmiyyətə hər hansı bir ciddi mesajları olmadı. Mesajları əsasən intriqa, qarayaxma üzərində qurulmuşdu. Azərbaycan cəmiyyətində isə artıq intriqa və konfliktlərə, habelə ölkəmizin maraqlarına xidmət etməyən insanlara ehtiyac yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər