22 aprel insanlığın xilaskarı Vladimir İliç Leninin doğum günüdür. Kapitalist istismarına dünyada ilk dəfə son qoyan Leninin qurduğu fəhlə-kəndli hökuməti olmuşdur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov V.İ. Leninin doğum günü ilə bağlı yazısında qeyd edib.
Müəllif bildirib ki, Leninin böyüklüyü onda idi ki, o cəmiyyətin inkişafının həm ideyalardan, həm də iqtisadiyyatdan asılı olduğunu bəyan edən marksizmin müdrik təlimini daha da təkmilləşdirdi.
Lenin sübut etdi ki, normal insani münasibətlər ictimai iqtisadi münasibətlərdən asılıdır.
Lenin ideologiyası xüsusi bir hadisədir. Başqa ideologiyalardan fərqli olaraq, Leninin ideologiyası tam həqiqət idi. Bu ideologiyanın əməli, yönü bir qrup haramzadə varlıların yox, ümumən insanların mənafeyini təsdiq etməkdir.
İdeeologiya siyasətçilikdir. Siyasətdə həqiqət olmur. Lenin isə təkrarsız bir dahi idi ki, onun siyasətində həqiqət hakim idi.
Cəmiyyətin inamını, etibarını qazanmışdı Lenin və o inam bu gün də insanların qəlbində yaşayır.
Leninin qələbə əzmi, siyasi mübarizə hünəri, qalibiyyət zəhmi beynəlxalq imperializmi lərzəyə salmışdı.
Ədalət-haqq tərəfdarı Leninin istismar mənbəyi olan xüsusi mülkiyyətdən imtina tələbi kapitalizmin nəfəsini kəsir.
Lenin xilaskar kimi hərəkət etdi, insanları zülmdən azad etdi, məzlum təbəqəni əsarət işgəncəsindən, kiçik xalqları böyük yırtıcının pəncəsindən qurtardı. Gerilik, ətalət nişanəsi olan ölkələri tərəqqi yoluna çıxartdı.
Kapitalizmin bu günkü antiinsani əməlləri göstərir ki, Lenin qayıdacaq, mütləq qayıdacaq.
Xatırladaq ki, V.İ.Lenin 1870-ci ilin 22 aprelində doğulub. Rusiya inqilabçısı və SSRİ-nin qurucusu və ilk rəhbəri kimi tarixə düşüb. Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 21 yanvar 1924-cü ildə 53 yaşında vəfat edib.