Cümhuriyyət Xalq Partiyasının 15 deputatının istefa verərək İyi Partiyaya keçəcəyi haqda iddialar irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, iddialara görə, deputatların istefa edərək İyi Partiyaya keçməsi bu gün gözlənilən CHP-İyi Partiya liderlərinin görüşündən əvvəl atılacaq.
İddia edilir ki, bu addımla CHP İyi Partiyanın parlamentdə fraksiya quraraq seçkilərdə iştirak etməsini təmin edəcək. Əgər deyildiyi kimi 15 deputat bu addımı atarsa, o zaman parlamentdə 5 deputatı olan İyi Partiya fraksiya yaratmaq imkanı əldə edəcək. Bu, İyi Partiyanın parlament fraksiyası kimi prezidentliyə namizədini irəli sürmək yolunu açacaq.
Qeyd edək ki, Türkiyə Seçki Məcəlləsinə əsasən, partiyanın seçkilərə qatılması üçün ölkə ərazisinin ən azı yarısında səsvermə günündən azı 6 ay əvvəl təşkilatları qurulmalı, partiyanın qurultayı keçirilməli və ya Türkiyə Böyük Millət Məclisində fraksiyası olmalıdır. Bunlar seçkidə iştirak etmək üçün siyasi partiyalar qarşısında əsas şərtdir.