27 Aprel 2018 19:21
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycanın xarici siyasətinin istiqamətlərini və bu siyasətdə aparıcı mövqeyə malik olan dövlətin Türkiyə olduğunu göstərmək baxımından əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.

O qeyd edib ki, ümumən balanslaşdırılmış xarici siyasət və onun istiqamətləri var, amma Türkiyə bu balanslaşdırılmış xarici siyasətdə xüsusi mövqeyə malikdir:

“Prezidentin səfəri ilk növbədə bunu göstərir. İkincisi, bu səfər Azərbaycan-Türkiyə münasibətlərindəki strateji əhəmiyyətin göstəricisidir. Bu strateji əhəmiyyət xüsusilə siyasi, iqtisadi və hərbi münasibətlərlə xarakterizə olunur. İki ölkə arasında 2010-ci ildə strateji əməkdaşlığa dair sazişin imzalanması, Strateji Əməkdaşlıq Şurasının yaradılması və şuranın daimi fəaliyyət göstərməsi də xüsusidir. Çünki Azərbaycanın başqa dövlətlərlə münasibətlərində bu cür nümunə demək olar ki, yoxdur. Bəzi dövlətlərlə müəyyən qurumlar var, amma onlar bununla müqayisə oluna bilməz. Bu baxımdan səfər çox əhəmiyyətlidir”.

Prezidentin Ankaradan Londona getməsinə də münasibət bildirən A.Aslanlı bu səfərin də Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən birinin göstəricisi olduğunu vurğulayıb:

“Əslində, Azərbaycan müstəqilliyə qovuşduğu mərhələdə Qərb dövlətləri içərisində Azərbaycana ilk və ən yüksək maraq göstərən Böyük Britaniya idi. Aydın məsələdir ki, həm tarixi, həm də enerji maraqları istiqaməti var. Təbii ki, Britaniyanın Qafqaz, Orta Asiya, Yaxın Şərqlə bağlı tarixən maraqları var.

Eyni zamanda yaxın mərhələ üçün də xüsusi olaraq iri ingilis neft şirkətlərinin enerji maraqları mövcuddur. Bizim də marağımız odur ki, bu gün BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri olan dövlətin dəstəyini qazanaq. Yəni, Britaniyanın və bizim maraqlarımız ortaq nöqtədə birləşdi və bunun nəticəsi olaraq 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndə ingilis şirkətləri də yer aldı”.

Politoloq deyib ki, Britaniyanın Azərbaycanın həssaslığına yanaşması adətən müsbət olub:

“Yəni, böyük dövlətlərin hamısını götürəndə onların içində ən az problemli və mümkün qədər problemsiz münasibətlər Britaniya ilə olub. Britaniyanın siyasətində bizim milli maraqlarımıza maksimum diqqətli davranış görmüşük. Bu baxımdan səfər əhəmiyyətlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər