15 May 2018 12:00
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi zamanı baş verən qarşıdurma və çoxlu sayda fələstinlinin ölümü məni çox məyus edib. İnsan ölümünü heç bir halda qəbul etmirəm və buna haqq qazandırmıram. Qarşıdurma zamanı adi insanlar ölüb. Bu insanlar terrorçu deyillər.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Qüdsdə baş verən son qarşıdurma və etiraz edən onlarla fələstinlinin İsrail ordusu tərəfindən öldürülməsini şərh edərkən deyib.

Hüquq müdafiəçisi əlavə edib ki, Qüdsdə səfirliklərin açılması məsələsi gündəmdədir:

“Fələstin istəsə də, istəməsə də, Qüdsdə səfirliklər açılacaq. Ona görə də tərəflər dil tapmalı və bir-birilə işləməlidir. “Qurani-Kərim”də də yazılıb ki, Fələstin torpağı həm də Musa peyğəmbərin övladlarınındır. Odur ki, tərəflər bir-birilə dil taparaq yaşamalıdır. Bu ərazilərdən nə yəhudilər, nə də ərəblər köçəndir. Bu baxımdan sadə insanların ölümü ədalətli deyil. Hər iki tərəf də bunun məsuliyyətini dərk etməlidir”.

Novella Cəfəroğluna görə, son qarşıdurmalar İsrail-Ərəb qarşıdurmasını gücləndirməməlidir:

“İsrail dövlətində xeyli ərəb yaşayır və onlar İsraili tərk etmək haqqında düşünmür. Çünki yaşayışları, dolanışıqları yaxşıdır. Normal işləri, evləri var. Üstəlik İsraildə birinci dövlət dili ivrit, ikinci dil isə ərəb dilidir. Bunlar əmioğludur və bir-birindən ayrılmayacaq. Hesab edirəm ki, bu problemlər öz həllini tapacaq. Son qarşıdurma və itkilər ABŞ səfirliyinin açılmasına etiraz səbəbindən baş verib.

İkincisi, İsrailin özündə belə insanlar etiraz edərək, belə hallara qarşı çıxırlar. Nəzərə alınmalıdır ki, israillilər danışıqlara gedirlər, danışırlar. Bu iki millət birgə yaşamağa və bir-birərini qəbul etməyə məhkumdur. Bunlar bir kökdən gəlirlər, əmioğludur”.

Sonda hüquq müdafiəçisi əlavə edib ki, son hadisələrdə nə İsrailin, nə də Fələstinin tərəfini tutur:

“Hesab edirəm ki, ölüm halları olmamalı idi. Hər iki tərəfi günahkar hesab edirəm. Onlar bilirdi ki, İsrail tərəfi dinc durmayacaq. Bunu bilə-bilə sadə insanları güllə altına aparmamalı idilər. Mən hadisələr zamanı İsraillə əlaqə saxlamışam. Övladlarım da məyus olub. İnsanlar ölüb. İnsanları ölümə aparmaq olmaz. Bu məsələdə hər iki tərəfin məsuliyyəti və günahı var”.


Müəllif: Cavad