15 May 2018 15:31
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İsraillə yaxşı münasibətləri var və bu əlaqələr strateji xarakter daşıyır.

Bunu Teleqraf.com-a açıqlamasında deputat Fərəc Quliyev deyib.

Deputatın sözlərinə görə, strateji tərəfdaşlar olan Azərbaycan və İsrail həmişə qarşılıqlı şəkildə biri-birini himayə edir:

“Başqa sözlə, ikitərəfli münasibətləri poza biləcək amillər yoxdur. Amma Qüds məsələsi bölgənin təhlükəsizliyi baxımından aktualdır. Hesab edirəm ki, ABŞ-ın son aylarda Qüdslə bağlı atdığı addımlar regiondakı vəziyyəti daha da gərginləşdirə bilər.

Azərbaycan bu məsələyə həssas yanaşır. Şübhəsiz ki, Azərbaycan başqa dövlətlər kimi radikal mövqe tutmayacaq. Biz bu məsələnin razılaşdırılmış qaydada, bölgəyə sabitlik gətirəcək formada həllinə tərəfdarıq. Fikrimcə, Azərbaycan ABŞ-ın bu addımına yumşaq formada etiraz edə bilər”.

Qeyd edək ki, Şərqi Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ Prezidenti Donald Tramp Amerikanın İsraildəki səfirliyinin bu ölkəyə köçürülməsi haqda sərəncam verib.

Səfirlik binası artıq paytaxt Təl-Əvivdən Qüdsə köçürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu