17 May 2018 12:03
4 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, Yaxın Şərq üzrə mütəxəssis Samid Bağırovla müsahibəni təqdim edir.

- Samid bəy, Yaxın Şərqdə konkret olaraq Qüdsdə və Qəzza zolağında nə baş verir?
- Baş verənlər əslində gözlənilən idi. ABŞ Prezidenti Tramp seçki kampaniyası dövründə Qüds şəhərini İsrailin paytaxtı elan etmişdi. O vəd vermişdi ki, prezident seçilərsə, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək. Əslində Qüdsü İsrailin paytaxtı elan edilməsi haqda qərarı 1996-cı ildə ABŞ Prezidenti Bill Klinton verib. Sadəcə bu qərarın həyata keçirilməsi indiyə qədər təxirə salınırdı. ABŞ-da hakimiyyətə gələn prezidentlər Fələstin-İsrail probleminin yoluna qoyulmasını əsas gətirərək, bu qərarı təxirə salırdı.

Donald Trampın siyasi dəsti-xətti isə tam fərqlidir və həm də hər kəsə aydındır. Tramp özünəməxsus siyasətlə bunu icra etməyə başladı. Bu zaman Qəzza sektorunda gərginliyin yaranacağını ehtimal edirdik. Baxın, Qüdsdə ABŞ-ın səfirliyi açılıb. Artıq ilkin reaksiyalar gəlir. ABŞ-ın Avropadakı ən yaxın müttəfiqləri Fransa, Almaniya və Böyük Britaniya, eləcə də digər ölkələr Trampın qərarına dəstək verməyib, əksinə, qərarın əleyhinə fikirlər ifadə ediblər. London, Berlin və Paris bəyan edib ki, Qüdsdə səfirliyin açılmasına qarşıdırlar. Son iki ayda Qəzzada fələstinlilər “Dönüş yürüşü” keçirir. Təbii ki, aksiyalar Trampın səfirliyi Qüdsə köçürmək haqda qərarından sonra ortaya çıxdı. Fələstin-İsrail sülh prosesinə təsir edəcək məsələlərdən biri də fələstinlilərin oyanış hərəkatları idi. İndi baş verənləri artıq üçüncü oyanış hərəkatı hesab etmək olar. Hesab edirəm ki, Trampın qərarı ABŞ-ı həm Avropadakı müttəfiqlərindən ayırıb, həm də Fələstin-İsrail münaqişəsinin həll edilməsində ciddi problemlər yaradıb.

- Trampın məlum qərarı reallaşdı, ABŞ səfirliyinin Qüdsdə açılması 60-dan çox fələstinlinin ölümü, 3 minə qədər insanın yaralanması ilə müşayiət olunur. Bu proses hara qədər davam edəcək?
- Dünya siyasətində yeni dəst-xətt formalaşır. Beynəlxalq ictimaiyyət etiraz etsə belə, bir sıra dövlətlər faktiki öz iradələrini zor gücünə olsa da, tətbiq və qəbul etdirməyə başlayıb. Vaşinqtonun 7 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a buraxılmaması, İranla nüvə sazişindən birtərəfli çıxması və Qüdslə bağlı addımları təzə deyil. Bu proses son bir ildə ard-arda baş verib. Əvvəla, ABŞ səfirliyinin Qüdsdə açılması baş tutub və bunun üçün hansısa beynəlxalq təşkilatların dəstəyi və ya yaşıl işığına da ehtiyac yoxdur. Bundan sonra nə baş verəcək? Sözsüz ki, bu gərginliyin artmasına səbəb olacaq. Artıq ilkin işartıları biz görürük. Bölgədə sülhün yaranma ehtimalı bəlli mərhələ üçün mümkün olmayacaq. Digər tərəfdən, ABŞ-la Avropadakı müttəfiqləri arasında uçurum dərinləşəcək.

- ABŞ-ın İranla sazişdən çıxması, bəzi müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişinə qadağan tətbiq olunması, Türkiyə ilə münasibətlərdə pisləşmə və Qüdsdə səfirliyin açılması addımları bir-birilə nə dərəcədə əlaqəlidir?
- Müəyyən mənada bu qərarlar bir-birilə bağlıdır. Birbaşa bağlılıq olmasa da, ABŞ Administrasiyasının yeni dəst-xətti ilə əlaqəlidir. ABŞ indiyə qədər BMT-də İsraillə bağlı qəbul edilməsi gözlənilən 17 qətnaməyə veto qoyub. Belə görünür ki, indiki ABŞ hökumətinin xarici siyasətində İsrailin təhlükəsizliyi ümdə məsələdir və bundan da imtina edən deyil. Eyni irad İrana da bildirilir. Qeyd olunur ki, İran xarici siyasətdə bütün gücünü Fələstin məsələsinə qoyaraq, beynəlxalq siyasətdə müxtəlif dövlətlərlə üz-üzə qalmalı olub. İndi bu ittihamlar ABŞ-a istiqamətlənir. ABŞ-ın indiki administrasiyası özünün xarici siyasətindiə bu bölgədə birinci ABŞ-ın, ikinci İsrailin mənafeyini təmin etməyi prioritet məsələ kimi qoyub. Zənnimcə, bu, ABŞ üçün mənfi nəticələrə səbəb olacaq.

- Söhbət hansı mənfi nəticələrdən gedə bilər?
- Mən bunun birinci növbədə siyasi baxımdan mənfi nəticələr verəcəyini qeyd edərdim. Baxın, bu gün İranla nüvə anlaşması ötəri müqavilə deyil. Bu saziş BMT Təhlükəsizlik Şurasında təsdiqlənən beynəlxalq razılaşmadır. Artıq dünən Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin davam etməsi haqda qərar verib. Bu o deməkdir ki, İran ABŞ-la Avropa ölkələri arasında uçurum yarada bilib. Hesab edirəm ki, ABŞ-ın Yaxın Şərq siyasəti bu şəkildə davam etdikcə, onun müttəfiqləri ilə arasındakı uçurum da dərinləşə bilər.

- Deyirsiniz ki, Donald Trampın yeni Yaxın Şərq siyasəti bölgənin çalxalanması və gərginliyin artması ilə müşayiət olunacaq?
- Bəli, gərginlik artacaq. Trampın yeni Yaxın Şərq siyasəti sülhə deyil, dağıdıcılığa xidmət edəcək.

- Yer kürəsində 400 milyondan çox ərəb var. Niyə 400 milyonluq toplum 10 milyon yəhudi qarşısında rəzil duruma düşüb?
- Bunun ciddi səbəbləri var. Hazırda ərəb dünyasında siyasi rəhbərlik və idarəetmədə parçalanma var. Səudiyyə və onun komandası ilə Qətər arasında problemlər var. Onları da bir-birindən ayıran Fələstin məsələsi, HƏMAS-a, “Hizbullah”a və ya FƏT-ə verilən dəstəkdir. Əslində Fələstin məsələsi ərəb dünyasını birləşdirməli olduğu halda, təfriqəyə çevrilib.

İkincisi, Səudiyyə və onun müttəfiqi olan ərəb dövlətlərində oturuşmuş komanda ABŞ-da dəstəklənir. Nəticədə bu ölkələr xarici siyasətdə ABŞ xarici siyasətini nəzərə alır, ona tərəf meyllənir. Səbəb budur.

- Bu gün Ərəb Ölkələri Liqasının təcili toplantısı keçiriləcək. Gözləntilər nədən ibarətdir?
- Bəli, Ərəb Dövlətləri Liqasının toplantısı olacaq, xarici işlər nazirləri toplaşacaq. Ancaq inanmıram ki, bu toplantı yeni qərarla və vahid mövqedən çıxış etməklə nəticələnsin. Ən yaxşı halda İsrailin Qəzzada 60 nəfəri qətlə yetirməsini, minlərlə fələstinlinin yaralanmasını və ABŞ səfirliyinin Qüdsə köçürülməsini pisləyən bəyanatla çıxış edə bilərlər. Və ya İsrailin bu addımlarının insan haqları təşkilatları, beynəlxalq məhkəmədə müzakirəyə çıxarılması təklif oluna bilər. Bundan o yana addım ataaqları gözlənilmir. Bunun da əsas səbəbi əksər ərəb ölkələrinin əsasən, ABŞ-ın siyasi kursu ilə hərəkət etməsidir.

- Qəzzada etirazlar, ölüm halları var. Amma Qüdsdə ABŞ səfirliyi açıldı, əksər ada dövlətlərinin səfirliklərinin açılması da gözlənilir. İsrail istəyinə nail oldu. Bununla məsələ həll edilə, tərəflər arasında birdəfəlik sülh əldə oluna bilərmi?
- Ərəb siyasi dünyasında belə fikirlər var ki, ABŞ tərəfindən Əsrin Müqaviləsi deyilən sənəd irəli sürülür. Sənədin mahiyyəti əldən çıxan Qüdsün əvəzinə Qüds yaxınlığında yerləşən Əbubis şəhərinin fələstinlilərə paytaxt kimi təklif olunması, Fələstinə dövlət həddinə çatmayan müəyyən hüquqi statusun verilməsindən ibarətdir. Fələstin muxtariyyəti bəyan edib ki, artıq ABŞ-ın məlum qərarından sonra münaqişədə vasitəçi kimi çıxış edə bilməz. Düşünürəm ki, Trampın siyasi xəttində olan israrı fələstinlilər üçün daha mənfi nəticələr yarada bilər. Totalitar ərəb rejimlərinin sakit duraraq əl altdan ABŞ-a dəstək verməsi də fələstinlilər üçün daha çətin anlar yarada bilər.

Digər tərəfdən, İsrailin təhlükəsizliyi məsələsi yenidən gündəmə qayıda bilər. Hesab etmirəm ki, bu qərar İsrailin təhlükəsizlik məsələsinin birdəfəlik həll edilməsinə səbəb olacaq. Bildiyiniz kimi Qolan yüksəkliyində 10 gün əvvəl Suriya və İsrail ordusu arasında münaqişə baş verdi, Hizbullah, Həmas daima İsrailin başağrısı olaraq qalacaq. Hətta Qüdslə bağlı İsrail dövlətinin 2 minillik arzusunun yerinə yetirildiyi deyilsə də, fikrimcə, İsrailin təhlükəsizliyi bu ölkənin özü üçün daimi problem olaraq qalacaq.

- Qüds kimin haqqı və tarixi torpağıdır?
- Tarix faktlara söykənərək deyə bilərik ki, Qüds bir millətin və ya bir dinin məkanı deyil. Tarixən burada həm müsəlmanlar, həm yəhudilər, həm də xristianlar məskunlaşıb. Müxtəlif dinlər və dillərin nümayəndələrinin məskəni olub. Trampın Qüds qərarından öncə beynəlxalq ictimaiyyətin Qüdslə bağlı qəbul etdiyi yekdil qərar belə idi ki, Şərqi və Qərbi Qüds fələstinlilər və yəhudilər arasında bölünərək iki dövlətin təsisi prinsipi əsasında paytaxt elan olunsun. Ancaq Trampın qərarı birtərəfli olduğu üçün münaqişə ortaya çıxdı. Heç kim Qüdsün birmənalı yəhudilərə və ya müsəlmanlara aid olduğunu iddia edə bilməz. Bu absurd iddia olardı.

- İsrailin özündə kifayət qədər ərəb yaşayır, ərəblərin siyasi partiyaları, Knesetdə deputatları, evləri və yüksək əmək haqları var. İsraildə yaşayan ərəblərin güzəranı da pis deyil, ikinci dövlət dili ərəb dilidir. Bu fakt niyə ərəbləri İsrailə tərəf meylləndirmir?
- Fikrimcə, sizin sualınızda İsrail və Qərb mediasının təbliğatının təsirləri var. Doğrudur, iki milyona yaxın İsrail vətəndaşı olan ərəb var. Təbii ki, onların qısa müddət ərzində İsraildən köçürülməsinə beynəlxalq etirazların olması nəzərə alınıb və bu insanlar İsraildə qalıblar. Ancaq unutmayaq ki, İsrail knessetində İsrail dövlətinin yəhudi dövləti olması haqda dəfələrlə qanun layihəsi təklif olunub. Bu qanun layihəsi hətta həyata keçirilmək üzrədir. Knessetdə bu qanun qəbul olunsa da, yuxarı məclis hələlik onu qəbul etməyib. Mən İsraildə olan ərəblərin böyük hüquqlara malik olması haqda fikri tam dəstəkləmirəm. Doğrudur, Benyamin Netanyahu çıxışlarında daima deyir ki, İsrail Yaxın Şərqin yeganə demokratik ölkəsidir. Məncə, bu, absurd fikirdir. Ola bilsin ki, ölkə demokratikdir. Amma işğal faktı varsa, bu deyilməli və işğal dəstəklənməməlidir. İşğal üzərindən yaranan demokratiyanın da dəstəklənmək haqqı yoxdur.

- Düşünürsünüz ki, bu prosesdən sonra İsraildə yaşayan milyonlarla ərəbin qaçqın düşmək, ölkədən çıxarılmaq təhlükəsi yarana bilər?
- Bəli, belə bir təhlükə var və bu narahatçılığa səbəb olan amil də İsrail dövlətinin yəhudi dövləti olması haqda qəbul olunan qanun layihəsidir. Düşünürəm ki, İsrail Qüds problemini həll etdikdən sonra bu istiqamətdə də addımlar atacaq.


Müəllif: Cavad