16 May 2018 21:08
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarovun mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüş Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatmasından sonra münaqişənin həlli istiqamətində keçirilən ilk görüş kimi diqqəti cəlb edir. Görüşü önəmli edən başlıca səbəb budur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, seçki prosesi ilə əlaqədar münaqişənin həlli istiqamətində aparılan danışıqlarda fasilə yaranmışdı:

“Artıq təmaslar bərpa olunub. Həmsədrlər əvvəlcə Azərbaycanın xarici işlər naziri ilə görüşüblər. Yəqin ki, bundan sonra onlar Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyanla tanışlıq xarakterli görüş keçirəcəklər. Bundan sonra hər iki nazirin görüşü keçirilə və danışıqlar prosesində yaranmış durğunluq aradan qalxa bilər”.

Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtilə müxtəlif məsələlər, o cümlədən münaqişənin həlli istiqamətində ziddiyyətli bəyanatlar verdiyini xatırladan F.Sadıqov daha sonra deyib:

“Paşinyan bir vaxtlar deyirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalı, Avrointeqrasiya kursu götürməlidir. Sonradan o bu bəyanatlarından imtina etdi və başqa fikirlər söyləməyə başladı. Xüsusilə, mayın 14-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşdən sonra o, Moskvaya müəyyən müsbət mesajlar göndərdi. Bu, özü-özlüyündə Paşinyanın ziddiyyətli bir şəxs olduğundan xəbər verir”.

N.Paşinyanın Dağlıq Qarabağı danışıqlara tərəf kimi cəlb etməklə bağlı fikirlərinin tamamilə absurd olduğunu vurğulayan müsahibimiz Dağlıq Qarabağın heç bir sənəddə adının çəkilmədiyini bildirib:

“Hətta vaxtilə Minsk qrupu yarananda qeyd olunmuşdu ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır. Paşinyanın bu açıqlaması ən azı savadsızlıqdır. Bu savadsızlığın nəticəsi olaraq belə bəyanatlar verilir, ifadələr səsləndirilir. Bütün bunlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında danışıqlar bərpa olunacaq. Çünki Ermənistan sadəcə olaraq, bu danışıqlara məhkumdur”.


Müəllif: Səxavət Həmid