17 May 2018 14:23
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin ərəb, islam dövlətləri və beynəlxalq ictimaiyyətlə birlikdə, koordinasiya şəklində ABŞ-ın qərarına etiraz edəcək. Beynəlxalq qanunvericiliyə əsaslanmaqla sülh prosesini başlatmaq üçün mümkün olan bütün hüquqi, siyasi, diplomatik və müqavimət vasitələrinə üz tutacağıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Fələstinin səfiri Nasir Əbdül Kərim ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi prosesinə cavab olaraq, Fələstinin atacağı addımlar barədə danışarkən deyib.

Diplomat Amerika Birləşmiş Ştatları səfirliyinin Qüdsə köçürülməsini beynəlxalq ictimaiyyətin pislədiyini vurğulayıb: “Bu addımı ilə Amerika tarixi min illərə gedib çıxan Fələstin xalqının öz torpağında yaşamaq hüququnu tanımayan Netanyahu hökumətinin təmsil etdiyi İsrailin irqçi, ekstremist siyasətini qəbul etdiyini və onun tərəfini saxladığını elan etdi. Bununla da İsraildə və regionda sülhə qarşı olan ekstremist qüvvələrə əlavə güc vermiş oldu. Eyni zamanda bu addım bütün dünyada olan milyardlarla müsəlman, xristian və ədalət tərəfdarlarının hisslərinə qarşı kobud hörmətsizlik idi. Biz fələstinlilər dünyanın bizimlə birlikdə olduğunu hiss edirik. ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli, Ağ Ev adından çıxış edən sözçülər, amerikalı məsul şəxslərin istifadə etdikləri dil və üslubu eşidəndə sanki İsraildəki ekstremist cərəyanın və onun təmsil etdiyi hökumətin nümayəndələrinə qulaq asırıq. Onların sözlərində Fələstin xalqının hüquqlarına qarşı etinasızlıq vardır”.

Səfirin fikrincə, bununla Amerika etibarlılığını itirir, münaqişədə tərəf kimi çıxış edir: “Bir sözlə, ABŞ problemin bir parçasına çevrilir ki, bizim də onu vasitəçi kimi qəbul etməyimiz mümkün deyil. Bu, beynəlxalq qanunvericilik, BMT qətnamələrinin kobud şəkildə pozulması idi, eyni zamanda İsrailin irqçi, işğalçı ordusu tərəfindən fələstinli mülki aksiyaçılara qarşı törədilmiş insanlıq əleyhinə amansız qırğın və cinayətə rəvac vermək idi. Bu, BMT Təhlükəsizlik Şurasında aydın şəkildə özünü göstərdi, Amerika və İsrailin mövqeyi Şurada olan digər üzvlər qarşısında təcrid olunmuşdu, çünki hər ikisi hüquqi, əxlaqi və tarixi dəyərlərin yanlış tərəfində yer aldılar”.

Xatırladaq ki, mayın 14-də ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3 minə yaxın ərəb yaralanıb.


Müəllif: Nərgiz