17 May 2018 14:48
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel təxribatlarının arxitektoru sayılan David Tonoyanın müdafiə naziri postuna gətirilməsi məcburi addımdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq hesab edir ki, Baş nazir Nikol Paşinyan kadr çatışmazlığına görə, bu addımı atmağa məcbur olub:

“Paşinyanın kadr ehtiyatı məhduddur. Buna görə də o, məcbur olub Tonoyan kimi adamı müdafiə naziri postuna gətirib. Digər yandan, yeni müdafiə naziri özbaşına deyil, o, bütün hallarda Nikol Paşinyandan alacağı tapşırıqları icra edəcək. Baxmayaraq ki, Paşinyanın özü də Azərbaycana qarşı sərt ritorika ilə çıxış edir, amma onun Qarabağda bizə qarşı irimiqyaslı təxribatlara əl atacağı gözlənilən deyil. Onun belə bir imkanı yoxdur, resursları çox məhduddur. Amma kiçik təxribatlara əl atması mümkündür. Digər yandan isə Paşinyan başa düşür ki, kiçik təxribat olsa belə, Azərbaycan buna sərt reaksiya verə bilər. Amma Rusiya belə bir vəziyyətin yaranmasını istəmir. Rusiya növbəti aprel döyüşlərinin təkrarlanmasında maraqlı deyil. Çünki digər istiqamətlərdə - Suriya və Ukraynada başı qarışıb. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan belə təxribatlara əl atmağa cəhd etsə, Rusiya ciddi təzyiqlər edəcək. Moskva indidən Paşinyanı başa salacaq ki, təxribatalar törətməsin”.

İlqar Vəlizadə son olaraq əlavə edib ki, Paşinyan sələfi Serj Sərkisyandan radikal olsa belə, bu, vəziyyəti dəyişməyəcək. O, fikrini Paşinyanın da, Rusiyanın ciddi təzyiqləri altında olması ilə izah edib.


Müəllif: Mənsur Rəğbətoğlu