1 İyun 2018 17:36
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-yə Rusiyadan gizli olaraq göndərilən külli miqdarda maddi vəsait işində maraqlı detallar üzə çıxıb. Oxucuya dərhal xatırladaq ki, söhbət son iki ildə şəxsən Əli Kərimlinin əlinə verilən 412 min dollar vəsaitdən gedir.

Hər şey bu partiyanın Rusiyada yaşayan fəal üzvü, Rüstəmov Saleh Məhərrəm oğlunun 30.829 qram heroinlə həbs olunması ilə üzə çıxdı. Daha doğrusu, ictimaiyyət anladı ki, heroinlə başlayan əməliyyat elə məhz Azərbaycan siyasətinə Rusiyadan qeyri -qanuni yollarla daxil olan maddi müdaxilə kanallarından birinin aşkarlanaraq, araşdırılıması əməliyyatıdır.

Hamıya məlumdur ki, AXCP sədri bir zamanlar Rusiyanın paytaxtı Moskvada yaradılmış və Azərbaycan siyasətində əsas müxalif blok olması nəzərdə tutulmuş Milli Şuranın da (qeyri-formal da olsa) rəhbərliyini həyata keçirir. Yəni ölkəmizin siyasi səhnəsinə kənar güclər üçün açıq qapı rolunu hazırda AXCP və Milli Şura həyata keçirir. Həmin qapının ‘’qapıçısı’’ da bilavasitə Əli Kərimli özüdür.

İstənilən bir dövlət bu cür kənar müdaxiləyə qapı rolunu oynayan təşkilata və onun ‘’qapıçısı’’na həssas yanaşar, bu gücü və oraya rəhbərlik edənləri zərrəbinlə izləyər, onların imkanlarını minimuma endirməyə çalışar. Üstəlik, AXCP-Milli Şura vasitəsi ilə Azərbaycan siyasətinə birbaşa daxil olmaq imkanı Rusiya kimi fövqəldövlətin bəzi dairələrinin əlindədirsə, məsələ daha da ciddiləşər.

Bu baxımdan, Azərbaycan dövləti də, ictimaiyyəti də, hətta Bakıdakı Qərb dövlətlərinin təmsilçiləri də 2013-cü ildən sonra Milli Şura layihəsi ətrafında cəmlənən siyasi komponentlərə və siyasətçilərə şübhə ilə yanaşırlar.

4894eac5-5629-42b8-afaa-7bcf3996ef26.jpg (15 KB)

Kremlin müəyyən dairələrinə yaxın olan kino-ssenarist Rüstəm İbrahimbəyovun və keçmiş vitse-primyer Abbas Abbasovun vasitəsi ilə tərtib olunan Milli Şura layihəsi hələ də Azərbaycan siyasətindədir, funksionaldır və bu baxımdan da, ciddi təhdiddir. Ona görə də, məsələn, bu təşkilatlara rəhbərlik edən siyasi liderin - Əli Kərimlinin əlinə son iki ildə 412 min dolların çatması xüsusi araşdırma tələb edən mövzudur. Hətta ABŞ-da da kənar dövlətlərdən, xüsusi ilə Rusiyadan siyasətə para transferləri böyük skandal sayılır və bu skandala kimlərin adlarının qarışmasından asılı olmayaraq, ciddi şəkildə araşdırılır. Son prezident seçkisində D.Trampın seçki kampaniyasına Rusiyanın ən müxtəlif texnologiyalarla, vasitələrlə maddi dəstək verməsi iddiaları hələ də gündəmdədir və təhqiq olunur. Bununla bağlı xeyli dövlət rəsmisi istintaq altına alınıb, bəziləri istefaya məcbur edilib.

Azərbaycan siyasətinə də Rusiyadan, lap elə İrandan, Türkiyədən və s. başqa dövlətdən külli miqdarda pul daxil olursa, burada ciddi bir həssaslıq, ciddi bir yanaşma olmalıdır. Xarici dövlətdən maddi dəstək almaq Azərbaycan qanunları ilə siyasi təşkilatlara və liderlərə qadağan edilib.

Bu baxımdan, Rusiyadan Saleh Rüstəmovun da daxil olduğu şəbəkənin Azərbaycan siyasətinə maddi axın xətti təşkil etməsinin ifşası və onun amansızlıqla kəsilməsi düzgündür, dövlət və millət maraqları üçün mühümdür.

Üstəlik, hələ məlum deyil ki, başqa vasitələrlə həyata keçirilən paralel axın xətləri də varmı… Doğrudur, Əli Kərimli ona daxil olan vəsaitlərin böyük bir qismini şəxsən mənimsəyib və ailəsinin komfortlu həyatına sərf edib. Lakin əsas olan siyasətə qanunsuz və gizli mədaxilə prosesidir. Onun xərclənməsi artıq bu cinayət prosesində ikinci dərəcəli məsələdir.

Ötən yazımızda Moskvadan AXCP-Milli Şura rəhbəri olan Əli Kərimliyə doğru axıdılan pulların mexanizmi barədə yazmışdıq. İndi əlimizdə başqa mühüm detallar da var. Onlardan yazıla bilənlərini təxminən belə özətləmək olar.

Əli Kərimli pul ile ilgili görsel sonucu

Musavat.com-un müxbirinin etibarlı mənbədən əldə etdiyi məlumata görə, Saleh Rüstəmov partiya yoldaşı Qənimət Zahidin təklifi ilə 2012-ci ildə (tarixə diqqət edin! Milyarderlər İttifaqı, ardınca da Milli Şura layihəsi ilə eyni dönəm!) Moskvaya gedərək Rusiyada yaşayan, keçmiş AXCP üzvlərinin şəbəkəsini yaradıb, şəbəkə vasitəsilə partiyanın Azərbaycandakı fəaliyyətinin maliyyələşdirilməsini təşkil edib. Onlar AXCP Gənclər təşkilatının üzvü olmuş, Moskvada aşpaz işləyən Eltac Əlisoyla birlikdə (Tramp işində də ‘’Kremlin aşpazı’’ obrazı keçir!) təbliğat işləri aparıblar, bu barədə “Azərbaycan saatı” verilişində də elan yerləşdiriblər. Bu, üzdə görünən mexanizmdir. Bunun hətta görünməsini istəyiblər!

Təbii ki, bu mexanizmin xüsusi bir qatının olması da mümkündür. Yəni kənar bir dövlətin xüsusi xidmət orqanı bu yapılanma üzərindən rahatlıqla maddi dəstək və bu xətlə də daxili siyasətimizə müdaxiləni həyata keçirə bilər...

Məsələn, Bakıya, Əli Kərimliyə hər ay Rusiya bazarlarından 30 min dollar toplamaq sadə bir iş deyil. Hətta mümkünsüzdür! Bu pulların kiçik bir qismi azərbaycanlılardan yığılsa da, əsaslı qismi xüsisi xidmət orqanlarının vasitəsi ilə təqdim oluna bilər.

Üzdə olan, görünən mexanizm belədir ki, Saleh Rüstəmov 2016-cı ilin martından etibarən Moskvada öz ticarət qurumunda, tabeliyində işləyən Jenya Adolfovanın adına «Sberbank»da hesab açıb, hər ay 30.000 ABŞ dolları məbləğində pulu müəyyən şəxslər vasitəsilə Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb. Maraqlı detallardan daha biri də budur ki, “WhatsApp” prqramında AXCP-nin 16 nəfər keçmiş üzvündən ibarət qrup yaradaraq, bir-birləri ilə əsasən həmin proqram vasitəsilə əlaqə saxlayıblar. Toplanmış, ya da onlara verilən pullar Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxsin vasitəsilə göndərilib.

Para axınının daha sonrakı istiqaməti belədir. Vidadi Rüstəmli Moskvadan göndərilən pulu alıb, AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğlu vasitəsilə partiya rəhbərliyinə ötürüb. Pul ünvana çatandan sonra Əli Kərimli ona “WhatsApp” proqramı vasitəsilə “bəy sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib. Keçən dəfə də yazdığımız kimi, Əli Kərimli yığılan pullar çoxaldıqca həmin puldan hazırda Fransada yaşayan Qənimət Zahid üçün də hər ay, rəhbəri olduğu televiziya kanalının saxlanılması üçün 2.000-2.500 ABŞ dolları göndərib.

Bir daha vurğulayırıq ki, iki il ərzində - 2016-cı ilin martından 2018-ci ilin martına kimi Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib.

dolarlar ile ilgili görsel sonucu

Bəzi detalların dərcini davam etdirək. Rusiyadan Azərbaycana pul köçürülməsi ilə məşğul olan Hüseynov Ceyhun Hüseyn oğlu, İsgəndərov Rauf Sahib oğlu, Əhmədov Heydər Yaşar oğlu, Mehdixanov Tural Ədalət oğlu həvalə olunan pulu V.Rüstəmliyə verdikdən sonra bunu təsdiqləyən qəbz aldıqlarını göstəriblər.

Bu qədər vəsaitin vergi ödənmədən, deklarasiya olunmadan mütəmadi olaraq göndərilməsinin Rusiyanın müvafiq qurumlarının diqqətini çəkməməsi və ya buna göz yumulması da maraq doğurur. Mənbəmizin məlumatına görə, bu məqamları araşdırmaq, vəsaitin yalnız ticarət yoluyla əldə edilib-edilmədiyini, pul göndərən şəxslərin qrantlar alıb-almamasını aydınlaşdırmaq məqsədilə Rusiya tərəfinə sorğular göndərilib.

Artıq AXCP sədri Əli Kərimli alınan vəsaitlərlə bağlı ilkin etiraflarını sosial şəbəkələr vasitəsilə dilə gətirib. Bununla yanaşı, o etiraflarına S.Rüstəmli “bizə qarşı ifadə versə də, yenə də müdafiə edəcəyik”, qeydini də əlavə edir. Görünür, bununla S.Rüstəmliyə daha gizli məqamların üstünü açmamağa çağırış edir...

İstənilən halda, Azərbaycan siyasətindəki Moskva layihəsinə - Millli Şuraya faktiki olaraq rəhbərlik edən Əli Kərimliyə eyni şəhərdən - Moskvadan böyük miqdarda vəsaitin daxil olması ciddi hadisədir. Üstəlik, hələ məlum deyil, başqa axın xətləri də varmı və AXCP sədrinin ayaqda qalması üçün xarici mənbələr daha nələr edirlər...

Hər bir halda, bütün bu faktlar Əli Kərimlinin istintaq altına alınmasına yetir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər