4 İyun 2018 16:26
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin ölkəmizə səfəri ilə bağlı suallarını politoloq Qabil Hüseynli cavablandırıb:

- Sizcə, İran Prezidenti Aparatının rəhbəri Vaezinin Azərbaycana səfəri çərçivəsində danışıqların əsas mövzusu nədir?

- Zənnimcə, İran Azərbaycanla iqtisadi-ticari əlaqələri genişləndirmək istəyir. Çünki ABŞ nüvə sazişindən çıxandan sonra İrana yeni sanksiya tətbiq etməyə başlayıb ki, bu da İran iqtisadiyyatına ciddi surətdə təsir göstərir. Azərbaycan ABŞ-ın nə keçmiş, nə də indiki sanksiyalarına qoşulub, İranla normal münasibətlərin qurulmasına tərəfdardır və bu xəttə əməl edir. Hazırda İran Azərbaycanla ikitərəfli münasibətləri daha da dərinləşdirmək niyyətindədir. Bu münasibətlər əvvəldən də normal idi, yüksələn xətlə getdiyinə görə yeni iqtisadi layihələri gerçəkləşdirmək istəyir.

Neftçalada avtomobilqayırma, Sumqayıtda əczaçılıq zavodunun tikintisi gedir. Fikrimcə, Vaezi iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün yeni təkliflə gəlib. Azərbaycan tərəfi bunu məmnuniyyətlə qarşılayır. Onun İqtisadiyyat naziri Şahin Mustafayevlə də görüşü planlaşdırılıb. Bu onu göstərir ki, Azərbaycanla İran arasında yeni iqtisadi layihələrin bünövrəsi qoyulacaq və detallar dəqiqləşdiriləcək.

Məncə, iki ölkə arasında əlaqələr normal məcrada inkişaf edir və bu münasibətlər tərəflər üçün sərfəlidir. Ölkəmiz də, İran da bu münasibətlərin inkişafından böyük xeyir əldə edə bilər. İran bizim qonşu ölkədir, orada bizim çoxmilyonlu soydaşımız yaşayır və Azərbaycanla münasibətlərin inkişafı təbii qarşılanmalıdır.

- Əczaçılıq, avtomobil sənayesi sahələrində birgə fəaliyyəti vurğuladınız, bəs başqa hansı sahələrdə əməkdaşlıq perspektivi var?

- Azərbaycan İranla hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirə bilər. Çünki İranda hərbi sənaye inkişaf edib, bu sənaye sahələrinin Azərbaycanda da yaranmasına kömək edə bilər. Bu nöqteyi-nəzərdən mülki sahələrlə yanaşı hərbi sənaye kompleksinə dair də yəqin təkliflər müzakirə ediləcək.

Azərbaycanın da hərbi sənayedə uğurları yetərincədir. Hər iki tərəfin bir-birindən bəhrələnməsi ilə uğurlu əməkdaşlıq mümkündür. Amma əsas ağırlıq mülki sahədə olan əməkdaşlıqdır. İranın inkişaf etmiş tikinti sənayesi ilə bağlı istehsal sahələri var ki, həmin məhsullar uzun müddətdir Azərbaycan bazarında hörmət qazanıb. Məhsulların istehsalı üzrə hər iki dövlət qüvvələrini birləşdirə, İran Azərbaycanda kafel, metlax, sənaye boyaları, su boruları da daxil olmaqla inşaat üçün lazım olan məhsulların istehsal sahələrinin təşkilinə yardım göstərə bilər. Yaxud birgə əməkdaşlıq xətti ilə ortaq müəssisələr yaradıla bilər ki, böyük fayda verəcək.

Xəzər dənizində İranla karbohidrogen ehtiyatlarının birgə işlənilməsi ilə bağlı ümumi razılaşma var. Razılaşmaya uyğun olaraq Xəzərin statusu müəyyən edildikdən sonra müəyyən sahələrdə həm neftin, həm də qazın çıxarılmasında İranla Azərbaycan əməkdaşlıq edəcək. Bu əməkdaşlıqda ağırlıq Azərbaycanın üzərinə düşəcək. Çünki Xəzərin dərin hissələrində quyuların qazılması sahəsində Azərbaycanda həm inkişaf etmiş Avropa texnologiyası var, həm də bu işə Bakı Dərin Özüllər Zavodunda başlanılacaq. İranda olmayan bu istehsal sahəsinin Azərbaycanda olması iki ölkənin əməkdaşlığına böyük meydan açır.

- Bəs iki dövlətin münasibətində üst-üstə düşməyən məqamlar hansı məsələlərdə müşahidə olunur?

- Azərbaycan müəyyən qədər haqlı olaraq İranla Ermənistan arasında əlaqələrin geniş olmasından narahatdır. İran uzun müddət Ermənistana qarşı Azərbaycanın tətbiq etdiyi blokada siyasətinə qoşulmayıb və təcavüzkar dövlətə ticari və iqtisadi yardım göstərib, hətta qaz kəməri çəkib, İranla Ermənistan arasında Araz üzərində körpü qurulub və sair. Bütün bunlar sözsüz ki, Ermənistanın ayaq üstdə qalmasına kömək edən faktorlardandır. Hər halda İran-Azərbaycan münasibətləri genişləndikdə, ola bilsin, bu, Ermənistan-İran münasiblərinə də təsir göstərsin. Azərbaycanla İran əlaqələri inkişaf etdikcə, ölkəmizin Ermənistanın blokadaya alınması siyasəti yəqin ki, özünə yol tapa bilər.

- Sizcə, Nikol Paşinyanın baş nazirliyi dövründə İran-Ermənistan münasibətləri necə olacaq?

- Məntiqlə götürdükdə hakimiyyət dəyişikliyi münasibətlərə təsir göstərməlidir. Nikol Paşinyan hələ büruzə verməsə də qərbyönlü siyasət yürütməyə başlayacaq. Bu da İranın strateji maraqlarına uyğun gəlməyən siyasətdir. Hər halda ümidvarıq ki, dərin mədəni, dini və coğrafi cəhətdən geniş əlaqələrimizin olması səbəbindən İran Azərbaycanı prinsipial məqamlarda Ermənistanın ayağına verməyəcək.

- Mahmud Vaezi hava limanında jurnalistlərə açıqlayıb ki, iki ölkə arasında imzalanan müqavilə və sazişlərlə bağlı problemlərin tezliklə həll edilməsi vacibdir. Sizcə, hansı problemlərdən söhbət gedir?

- İran əsas problem kimi viza məsələsini ön plana çəkir. Azərbaycan hələ texniki cəhətdən buna hazır deyil. Vizasız gediş-gəliş hələ müstəqilliyinin müəyyən mərhələsində olan Azərbaycan üçün o qədər də əlverişli sayılmır. İran həm də Azərbaycanın İsraillə əlaqələrindən narahatlıq keçirir. Məncə, bunu başa düşməli və narahatlıq hissi keçirməməlidir. Çünki bizim İsraillə əməkdaşlığımız üçüncü dövlətin əleyhinə çevrilməyib. Biz sadəcə olaraq təcavüzə məruz qalmış ölkə kimi İsraildən silahlar alırıq və hərbi yardımından istifadə edirik. Bu, bizim strateji maraqlarımıza uyğun siyasət olduğundan problemlə çevrilməməlidir. İran viza və İsraillə əməkdaşlıq məsələlərini Azərbaycanın suveren siyasətinin elementi kimi qəbul eləməlidir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər