5 İyun 2018 09:05
2 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Ramiyə xanım, cəmi 20 gündən sonra Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Bu yaxınlarda Türkiyədə ezamiyyətdə olmusunuz. Qardaş ölkədə insanlar arasında ümumi seçki ab-havası necə idi?

– Ankarada olduğum 10 günə yaxın vaxt ərzində namizədlərin təbliğat-təşviqat mitinqlərində iştirak edə bilmədim. Çünki həm AKP-nin namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncənin mitinqləri artıq bölgələrdə keçirilirdi. Sadəcə orda insanlarla, həmçinin bəzi şəxslərlə söhbətlər etmək imkanımız oldu. Hazırda əsas rəqabət Ərdoğanla İncə arasında gedir. İyi Partiyanın namizədi Məral Akşənərin proseslərə ciddi təsir etmək imkanı yoxdur. Ona olan tənqidlərin başında 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı ortaya mövqe qoymaması dayanır. Bildirirlər ki, Akşənər həmin günlərdə heç bir siyasi qüvvəyə dəstək vermədi, xalqa səslənmədi, ümumiyyətlə, meydanlara çıxmadı. Yəni, bunu Akşənərə qəbahət sayırlar.

Görünür, İncənin müxalifətin əsas namizədi kimi qabağa çıxmasında bu məqam da rol oynayıb. Əlbəttə, Ərdoğan öndədir. Buna baxmayaraq, sadə əhali, ələlxüsus orta təbəqə arasında İncəyə dəstək verənlər çoxdur. Ərdoğana hazırda dəstək verənlər daha çox iş dünyasına bağlı, yaxud imkanlı şəxslərdir. Çünki Türkyə lirəsinin ucuzlaşması, yaxud ABŞ dollarının qalxması və sair hallar onlara xeyir verir. Lirə ucuzlaşdıqca iş adamlarının sərmayəsinin həcmi artır, onlar çox böyük gəlirlər əldə edə bilirlər. Ancaq bu fikri bütün iş adamlarına şamil etmək mümkün deyil. İqtidar namizədinə dəstək verənlər arasında əhalinin imkansız təbəqəsi də var. Bu da dövlət tərəfindən imkansız təbəqəyə yardımların göstərilməsi ilə bağlıdır. İstənilən halda iqtidar namizədinin qalib gəlməsini əvvəlkitək istəyənlər yoxdur. Yəni, reytinqi o dərəcədə yüksək deyil. Ərdoğanla İncə belə deyək, eyni yolda yanaşı gedirlər.

– Seçkinin qalibinin kim olacağına dair indidən fikir yürütmək mümkündürmü?
– Sadalanan hallara baxmayaraq Ərdoğan yenə də prezident seçiləcək. O, seçki kampaniyasının qalibi olmaq üçün böyük fəallıq göstərir. Ölkədə AKP-nin gücü çox böyükdür. Partiyanın böyük maliyyə və digər resursları var. Rusiyadan olan dəstəyi də unutmamalıyıq. Digər tərəfdən, Ərdoğanın xarici siyasətdəki rolunu danmaq olmaz. O, bir türk respublikasının dünya siyasətində mühüm rol oynamasına çalışır. Əlbəttə, bunu da inkar etmək olmaz. Ancaq mənim fikrimcə ikinci tur qaçılmaz olacaq və Ərdoğan ikinci turda qalib gələcək.

– İyi Partiyanın namizədi Məral Akşənər də seçki kampaniyasına iddialı başlamışdı...
– Açığını deyim, mən Ankarada olduğum zaman Akşənərin reytinqinin güclü olduğunu hiss etmədim. Onun haqqında qızğın müzakirələr getmirdi, fəaliyyəti o dərəcədə nəzərə çarpmırdı.

– Türkiyə son illərdə istər Avropa, istərsə də ABŞ tərəfindən ciddi təzyiqlərlə üzləşir. Nəticədə Ankara Rusiya ilə yaxınlaşmaq xətti götürüb. Bu məqam seçkinin nəticələrinə necə təsir edə bilər?
– Dolların qalxması ilə əlaqədar olaraq Türkiyədə çox böyük narahatlıqlar var. Bahalıq baş alıb gedir. Əhali indiki iqtidara daha çox bunu irad tutur. Bildirirlər ki, ABŞ-la münasibətlər pozulub, ona görə də dollar bahalaşıb, iqtisadiyyatda problemlər yaranıb. Hazırda Rusiya ilə Türkiyə daha yaxındır və Türkiyə bazarı Rusiya üçün açılıb. Onlar bütün iqtisadi əlaqələri Rusiya ilə qurmağa üstünlük verirlər. Moskva Türkiyənin siyasi kursunun müəyyənləşməsində də hazırkı iqtidara yardım edir.

– Ramiyə xanım, lirənin ucuzlaşmasının ABŞ-la münasibətlərin pisləşməsi ilə əlaqəli olduğu fikri həqiqətdirmi?
– Ümumiyyətlə, ABŞ-la münasibətlərin pisləşməsi hər bir dövlətə neqativ təsir edir. Hazırda İran da eyni vəziyyətdədir. ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla imzalanmış nüvə sazişindən çıxmasını elan etməsindən sonra rial dollara nəzərən ucuzlaşıb. Mən dünən Bakıda bir neçə İran vətəndaşları ilə görüşdüm. Onlar da hazırda İran iqtisadiyyatında çox böyük problemlər olduğunu dedilər. Bu da əlbəttə, ABŞ-la bağlı olan məsələlərdir.

Eyni vəziyyət Türkiyə ilə bağlı hökm sürür. Bu gün Türkiyə iqtisadiyyatında çox böyük problemlər baş verir. Məhərrəm İncənin Ərdoğana iradlarından biri də iqtidarın iqtisadi cəhətdən ölkəni heçliyə sürükləməsi iradıdır. O bildirir ki, ölkədə istehsalat getdikcə artmaqdansa azalır.

– İyunun 24-də Türkiyədə həm də parlament seçkisi keçiriləcək. Sizcə, bu seçkinin qalibi hansı siyasi qüvvə olacaq?
– Bu barədə indidən proqnoz vermək istəməzdim. Türkiyədə az qala hər gün bir hadisə baş verir. Bu da seçkinin nəticlərini dəyişə bilər. Ancaq bu günün şərtlərinə görə AKP-nin üstünlük qazanacağını söyləyə bilərik. Bununla belə, CHP də ondan geri qalmayacaq. CHP-nin deputatları onlardan 2-3 faiz az səs yığar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər