5 İyun 2018 16:19
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Əli Xamneyi iyunun 4-də İslam İnqilabının banisi Ruhulla Musəvi Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında mühüm bəyanatlar səsləndirib. O qeyd edib ki, İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək:

“İranın Atom Enerji Təşkilatı borcludur ki, tez bir zamanda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”. Ali dini lider, həmçinin müvafiq quruma uranın zənginləşdirilməsi üçün işlərə başlamağı əmr edib.

Bəs Tehranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında imzalanmış nüvə sazişinin həyata keçirilməsi niyə mümkün olmadı? Bundan sonra regionu nələr gözləyir?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov bildirib ki, əslində burada çox mürəkkəb geopolitik konfliktin davam etməsindən söhbət gedir. Onun sözlərinə görə, İranla ABŞ və “altılıq” ölkələri arasında imzalanmış nüvə sazişi həmin konflikti aradan qaldıra bilmədi:

“Düzdür, İran bir tərəfdən uranın zənginləşdirilməsi proqramını dayandırdı, ancaq İrana qarşı sanksiyalar götürüləndən və əvvəllər Qərb ölkələrində dondurulmuş 10 milyardlarla dollar vəsait İrana qayıtdıqdan, ardınca Qərb şirkətlərinin İranla yeni müqavilələr imzalamasından sonra məlum oldu ki, İran nüvə proqramını dayandırıb, ancaq ənənəvi Yaxın Şərq siyasətini davam etdirir. Suriyada ABŞ və onun müttəfiqlərinə qarşı Bəşər Əsədlə birlikdə müharibə aparır. İsrail sərhədlərinə yaxınlaşır və İsrailə qarşı müəyyən hərbi hazırlıqlar görür, bu prosesi davam etdirir. Livan-Suriya-İran üçbucağı yaradıb. Gələcəkdə İsraillə necə deyərlər, haqq-hesabı çürütməyi planlaşdırır. Səudiyyə Ərəbistanı ilə Yəmən və başqa yerlərdə mübarizə aparır. Yəni, İran faktiki olaraq, ənənəvi siyasətini davam etdirdi və ABŞ və İsrailə qarşı öz mövqelərini düşmən kimi daha da gücləndirdi”.

E.Namazov qeyd edib ki, bu məqamda Donald Tramp administrasiyası nüvə proqramına dair sazişdən imtina etmək qərarına gəldi:

“Onların öz məntiqi var. Tramp administrasiyası deyir ki, biz İranla münasibətlərimizi tam aydınlaşdırmalıyıq. Biz dostuqsa, yaxud bir-birimizə neytral münasibət bəsləyiriksə, bu cür sazişlərin imzalanması, sanksiyaların aradan qaldırılması, müxtəlif iqtisadi layihələri birgə həyata keçirmək normaldır. Ancaq İran düşmən ölkə olaraq qalırsa, onda biz niyə bu sanksiyaları aradan qaldırmalı, niyə İranın zənginləşməsinə, yaxşı pullar qazanmasına imkan yaratmalıyıq? İran da həmin imkanlardan istifadə edib bizə, bizim müttəfiqlərimizə qarşı Suriyada, Livanda, Yəməndə, İraqda daha da şiddətli mübarizə aparır. Ona görə də Tramp administrasiyası hesab edirdi ki, bu münasibətlərə birdəfəlik aydınlıq gətirilməlidir. Yəni, Tramp administrasiyasının məntiqi çox sadədir; İranla dost, ya da heç olmasa, neytral mövqedə olsaq, niyə də onlarla əməkdaşlıq, onlara kömək etməyək?! Yox əgər düşmən münasibətləri qalırsa, niyə biz onlara köməklik etməli, sanksiyaları aradan qaldırmalıyıq? Niyə onlarla ticari-iqtisadi əlaqələr qurmalıyıq? Beləliklə, bu geopolitik konflikt yenidən şiddətlə Yaxın Şərqin siyasətində ön plana qayıdır. Çünki nüvə proqramına dair saziş bu konflikti həll etmədi. Əksinə, çoxlu müəmmalar və suallar ortaya qoydu”.

Politoloq əlavə edib ki, həmin suallardan biri də “bu saziş kimin xeyrinədir” sualıdır:

“Bu saziş ABŞ-ın və onun müttəfiqlərinin, o cümlədən İsrailin xeyrinə ola bilməz. Ona görə ki, İran bir tərəfdən daha da zənginləşir, iqtisadi inkişaf üçün imkanlar əldə edir. Digər tərəfdən isə onlara qarşı düşmənçilik mövqeyini davam etdirir. Ona görə də qeyd etdiyim kimi, bu geopolitik konflikt yenidən alovlanır. Sadəcə olaraq, hazırda ABŞ administrasiyasının xarici siyasət gündəmində ilk növbədə Şimali Koreya ilə bağlı məsələlərin həlli dayanır. Bu yaxınlarda Trampla Şimali Koreya liderinin görüşü gözlənilir. Şimali Koreya problemi öz həllini tapsa, o zaman ABŞ artıq İranla bağlı öz planlarını önə çəkəcək. Əsas istiqamət İranda ya rejimi, ya da onun siyasətini dəyişməyə nail olmaq olacaq. İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-ın digər müttəfiqləri Vaşinqtonla birlikdə bu məqsədlərə çatmaq üçün ciddi addımlar atacaq. Vəziyyət çox gərgindir. Ona görə ki, faktiki olaraq İranla İsrail arasında hərbi toqquşmalar artıq baş verir. Sadəcə olaraq, bu, İranın yox, Suriyanın ərazisində olur. Son aylarda Suriya ərazisində İsrail tərəfindən bombardıman edilən bütün obyektlər Bəşər Əsədin yox, Tehranın – İran ordusunun nəzarətində olan obyektlərdir. Suriyanın hansı ərazisində İran hərbçiləri yerləşdirilibsə, İsrail onlara qarşı çox sərt hərbi əməliyyatlar həyata keçirir. Artıq yüzlərlə əsgərin, zabitin, o cümlədən generalların həlak olmasından söhbət gedir. Yəni, artıq müharibə gedir. Sadəcə olaraq bu, İranın ərazisində yox, Suriyanın ərazisində baş verir. ABŞ administrasiyası Şimali Koreya ilə bağlı məsələləri həll etdikdən sonra Vaşinqtonun xarici siyasətində bir nömrəli məsələ İranla bağlı məsələlər olacaq. O zaman bizim regionda çox təhlükəli və çox mürəkkəb proseslər baş verəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər