Dağlıq Qarabağda yaşayan ermənilərin qondarma rejimə qarşı başlatdığı aksiyalar İrəvanda formalaşmış yeni hakimiyyətin oyunudur. Bu mitinqlər kortəbii xarekter daşımır və konkret bir mərkəzdən – İrəvandan idarə olunur.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, məqsəd qondarma qurumun başında duran Bako Saakyanı Paşinyan iqtidarına xidmət edəcək başqa biri ilə əvəz etməkdir:
“Paşinyanın Qarabağa səfərini bitirməsindən sonra bu aksiyaların başlaması onu deməyə əsas verir ki, Paşinyan Saakyandan istədiyi dəstəyi almayıb. Aydın məsələdir ki, Bako Saakyan Serj Sərkisyanın başında durduğu “Qarabağ klanı”nın üzvüdür və qondarma rejimin başına da Sərkisyan tərəfdən oturdulub. Ancaq İrəvanda hakimiyyəti itirmiş “Qarabağ klanı” Xankəndini də əldən vermək istəmir.
Bu aksiyalar bir daha onu göstərir ki, Qarabağdakı qondarma rejimin heç bir müstəqil hakimiyyətindən söhbət getmir və onlar İrəvandakı hakimiyyətin köləsidir”.
Z.Əmrəliyev qeyd edib ki, bəzi məlumatlara görə, etirazçılar içində Azərbaycana rəğbət bəsləyənlər var: “Azərbaycan daim Qarabağdakı erməniləri öz vətəndaşı hesab etdiyini və onların təhlükəsizliyinə təminat verərək yüksək statuslu muxtariyyətlə təmin etməyə hazır olduğunu bildirib. Qarabağdakı ermənilər İrəvana o halda itaət edirdilər ki, Ermənistanın sükanı onların əlində idi. Ermənistanda yaşayan ermənilər təbii ki, bu vəziyyətlə razılaşmaq istəmirdilər və aprel ayında keçirdikləri kütləvi aksiyalarla bu vəziyyətə son qoydular.
Hazırda Ermənistanda Qarabağ ermənilərinin kütləvi şəkildə vəzifədən qovulması prosesi gedir. Hökumətin son tərkibi də buna misal ola bilər. Qarabağdakı ermənilərin də öz maraqları var. Onlar bilirlər ki, Ermənistandakı yeni rejim Qarabağı Ermənistanın hüquqsuz bir quberniyasına çevirmək istəyir.
Zənnimcə, Qarabağda yaşayan ermənilər kasıb Ermənistanın tərkibində hüquqsuz qalmaqdansa zəngin Azərbaycanın tərkibində yüksək muxtariyyət almağın daha yaxşı olması barədə düşünməlidirlər. Onsuz da dünya birliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və onlar Azərbaycanın tərkibinə daxil olmasalar beynalxalq aləmə inteqrasiya oluna bilməyəcəklər”.