8 İyun 2018 12:39
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları” adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, təşkilatın sədri Səməd Vəkilov çıxışında bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti elan olunduğu ilk gündən Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov kimi hüquqşünas kadrlar respublikanın taleyində müstəsna rol oynayıblar.

Onun sözlərinə görə, hüquqşünas çoxluğun təmsil olunduğu Cümhuriyyət Parlamentində fəaliyyətdə olduğu iki il ərzində 155 iclas keçirilib: “Bu iclaslardan 10-u Milli Şura dönəminə, 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət dönəmində olub. Parlamentin müzakirəsinə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edilib. Cümhuriyyət süquta uğradıqdan sonra da bu peşəkar hüquqşünas kadrlar ömürlərinin sonuna qədər mühacirətdə milli mücadiləni davam etdiriblər”.

Səməd Vəkilov vurğulayıb ki, tədqiqatçılar tərəfindən Cümhuriyyət parlamentinin bir qrup üzvləri araşdırılsa da Rza bəy Ağabəyov, Müseyib bəy Axicanov, Bağır bəy Rzayev, İsgəndər bəy Axundov, Rəşid bəy Axundzadə, Zeynal Tağıyev, Əbdüləli bəy Əmircanov, Əliəkbər bəy Xasəmmədov, Rəşid xan Qaplanov, Mirhidayət Seyidzadə, Asəf bəy Şıxəlibəyov, Məhəmməd xan Təkiniskinin fəaliyyəti araşdırılmayıb və ictimaiyyət bu barədə məlumatlandırılmayıb.

Tədbirdə çıxış edən BDU-nun professoru Nəsiman Yaqublu təklif edib ki, cümhuriyyət irsinin araşdırılması daha da intensivləşdirilməli, təkcə Azərbaycanın arxivlərində deyil, Cümhuriyyət irsinin sənədlərinin çoxluq təşkil etdiyi Rusiya və Avropa arxivlərində də ciddi iş aparılmalıdır.

Tarix elmləri üzrə fəlsəfə doktoru, İctimai Televiziyanın “Carçı film” studiyasının əməkdaşı Mahir Qəribovun fikrincə, Cümhuriyyət Parlamentinin hüquqşünas deputatlarının fəaliyyəti maraq doğurur və Cümhuriyyətin 23 yaşlı ən gənc Daxili işlər naziri Mustafa bəy Vəkilov və Əmək naziri Əhməd bəy Pepinov haqqında çəkilən sənədli filmlər davamlı olmalıdır.

Tədbirin əhəmiyyətini diqqətə çatdıran Prezident Administrasiyasının ictimai-siyası məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi ilə əlaqədar vətəndaş cəmiyyəti institutlarının bu cür tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirib.

Tədqiqatçı jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Cümhuriyyət qurucusu olan jurnalistlərin hər birinin həm də yazar olduğunu qeyd edib.

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, cümhuriyyət irisinin gənclər arasında təbliğ olunması onların milli vətənpərvər ruhda tərbiyə olunmasına zəmin yaradar. Millət vəkili Elman Nəsirov cümhuriyyətin işğalından sonrakı müqavimət hərəkatının öyrənilməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş idarəsinin şöbə rəisi Orxan Bədəlov da iştirak edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər