11 İyun 2018 17:41
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda müzakirə olunan ilk məsələ Avropada Mühafizəkarlar və İslahatçəlar Alyansının iyunun 8-9-da Bakıda keçirilən Şura iclası və zirvə toplantısı ilə bağlı olub.

Alyansın Şura İclası və Bakı sammiti haqqında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyəti üzvlərinə ətraflı məlumat verib. BAXCP sədri ölkəmizin siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirin keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

İdarə Heyətinin müzakirsinə çıxarılan digər məsələ Azərbaycan fermerlərinin qarşılaşdığı problemlərlə əlaqədar olub. Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlaması qəbul edilib. Açılamada deyilir: “Son zamanlar kütləvi informasiya vasitələrində Azərbaycan fermerlərinin öz məhsullarını satışa çıxarmaları ilə bağlı ciddi problemlərin yaşandığı barədə məlumatlar yayılır. Bu məlumatlar partiyaya vətəndaşların ünvanladığı müraciətlərdə də öz təsdiqini tapır. Bu müraciətlərdə qeyd olunur ki, fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulları dəyər-dəyməzə satmaq, yaxud öz zəhmətlərinin bəhrəsinin necə zay olduğunu ürək ağrısı ilə izləmək məcburiyyətində qalırlar”.

BAXCP İdarə Heyəti hesab edir ki, fermer təsərrüfatlarının inkişaf etdirilməsinin yolu istehsal olunan məhsullar üçün satış bazarlarının tapılmasından və dövlətin bu prosesi stimullaşdırılmasından keçir: “Məlumatlara görə, bəzi dövlət qurumlarının ehtiyac duyduğu kənd təsərrüfatı məhsulları həmin məhsulların Azərbaycanda da istehsal olunduğuna baxmayaraq bir çox hallarda xaricdən alınır. Hesab edirik ki, dövlət ehtiyacları üçün gərəkli olan kənd təsərrüfatı məhsulları ilk növbədə yerli fermerlərdən və real bazar qiymətlərinə uyğun olaraq alınmalıdır.

BAXCP Azərbaycan hökumətini daxili bazarın qorumağa, fermerləri dəstəkləməyə və qeyd olunan istiqamətlərdə təxirəsalınmaz tədbirlər görməyə çağırır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər