11 İyun 2018 22:28
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münaqişənin tənzimlənməsi prosesində Dağlıq Qarabağ rejiminin bərabərhüquqlu tərəf kimi iştirakı istəyində israrlı kimi görünür.

O, bu fikri artıq bir neçə dəfə gündəmə gətirib. N.Paşinyanın nonsens kimi qarşılanan bu mövqeyi müttəfiqi hesab olunan Rusiyada da narazılıq doğurub. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin departament rəisi Artyom Kojin Ermənistan baş nazirinin bu fikirlərini “qeyri-konstruktiv mövqe” kimi qiymətləndirib. Eyni zamanda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da “Nezavisimaya qəzeta”nın müxbirinin qondarma rejimin “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müstəqil tərəf kimi iştirakının mümkünlüyü” ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələyə yalnız Ermənistan və Azərbaycan arasında razılaşma olacağı təqdirdə baxıla bilər. Bu məsələdə Sergey Lavrov Azərbaycanın prinsipial mövqeyi ilə yaxından tanışdır. Deməli, əslində o, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakının mümkünsüzlüyünü Ermənistana başa salıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd edib ki, Ermənistanı və qondarma Qarabağ rejimini sistemli iflasa gətirən əsas səbəb Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır. Onun sözlərinə görə, elə bu səbəbdən də Ermənistan bumeranq effekti ilə üzləşib və Azərbaycanın iqtisadi, enerji və nəqliyyat blokadası siyasətinin hədəfindədir:

“Paşinyan bu səbəbin aradan qaldırılması və bununla da üzücü təcrid siyasətindən qurtulmaq naminə hələ ki, heç bir addım atmır. Hətta bir çox hallarda zorla hakimiyyətdən saldığı Sərkisyandan çox Sərkisyan olmaq istəyir. Əksini düşünənlər son günlər ərzində Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi aşağıdakı absurd fikirlərə diqqət yetirsinlər.

– Birincisi, münaqişənin tənzimlənməsi prosesində qondarma Dağlıq Qarabağ rejimi tamhüquqlu tərəf kimi iştirak etməli və bu, birinci addım olmalıdır;

– Buna nail olmaq Azərbaycanın qondarma rejimin legitimliyini tanıması kimi qiymətləndiriləcək. Bu halda ikinci addım bu rejimin beynəlxalq birlik tərəfindən tanıdılması istiqamətində atılmalıdır.

– Bu prosesdə üçüncü və həlledici addım isə artıq beynəlxalq birliyin subyekti olmaq hüququnu qazanmış qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistan Respublikası ilə birləşdirilməsi olmalıdır”.

E.Nəsirov bildirib ki, N.Paşinyan baş nazir olaraq Azərbaycan Prezidenti ilə danışıqlarda “Dağlıq Qarabağ respublikası”nı hüquqi baxımdan təmsil edə bilməz:

“Bunu Ermənistanın əvvəlki prezidentləri Köçəryan və Sərkisyan edə bilirdi. Çünki onlar Dağlıq Qarabağdan çıxmış və ona rəhbərlik etmiş şəxslərdir. Paşinyanın isə Dağlıq Qarabağla oxşar bağlılığı yoxdur. Nəhayət, onun növbəti absurd fikri onda ibarətdir ki, münaqişənin tənzimlənməsi prosesində Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı mümkünsüzdür, çünki bu icmanın təmsilçiləri artıq Azərbaycan vətəndaşlığını qəbul ediblər və öz ölkələrdə seçki proseslərində iştirak edirlər”.

E.Nəsirov qeyd edib ki, N.Paşinyanın bu cılız “arqumentləri” ilə tanış olduqda xalqımızın məşhur “bişmiş toyuğun gülməyi gəlir” deyimi yada düşür:

“Onun heç bir tənqidə dözməyən bu mövqeyinə qarşı çox ciddi, təkzibolunmaz faktlar var. Əvvəla sual yaranır ki, əgər doğrudan da Paşinyanın söylədiyi kimidirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağda hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün məhz Dağlıq Qarabağa göndərəcək. O, eyni zamanda parlament və hökumət üzvlərini də analoji addım atmağa səsləyir. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt sirr olmayıb və bu gün də belədir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər